Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı, hərbi qulluqçu Amil Abbasov işlədiyi qurumun onun kirayə pulunu ödəmədiyini bildirib.
“Qafqazinfo”ya müraciət edən A.Abbasov qeyd edib ki, 10 aydır kirayə pulları ödənmir: “Mən 3 ildir ki, burada işləyirəm. Özüm Gəncə şəhər sakiniyəm. Əvvəl orada işləyirdim, sonra ailə vəziyyətimlə bağlı Bakıda işləməyə başladım. Bura gələndən sonra mən kirayədə qalmalı oldum və qanunla kirayənin pulunu hər ay 375 manat iş yerimdən ödəməli idilər. Amma hələ də kirayə pullarından bir xəbər yoxdur. Mən pulun nə vaxt veriləcəyini soruşanda isə “narahat olma, bir-iki aya ödənəcək” deyirlər”.
Şikayətçinin sözlərinə görə, bu vəziyyətlə qarşılaşan tək işçi o deyil: “Sentyabr ayında artıq gördüm ki, pulu ödəmək fikirləri yoxdur. Buna görə də DİN-ə şikayət etdim. Ondan sonra cəmi iki ayın pulu ödəndi. 10 ayın pulu yenə də qaldı. Orada kirayədə yaşayanların hamısı mənimlə eyni problemi yaşayır”.
Fövqəladə Hallar Nazirliyinin Mətbuat xdimətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, fevral ayının əvvəlindən başlayaraq həmin borclar ödəniləcək.
Lamiyə Məmmədova
Son xəbərlər
Son Xəbərlər