FHN-in Beynəlxalq Axtarış-Xilasetmə Dəstəsinin taktiki-xüsusi təlimindən - Video

fhn-in-beynelxalq-axtaris-xilasetme-destesinin-taktiki-xususi-teliminden
Oxunma sayı: 1914

29 aprel – 1 may 2024-cü il tarixlərində Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-Xilasetmə Dəstəsinin şəxsi heyətinin iştirakı ilə taktiki-xüsusi təlim keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Beynəlxalq axtarış-xilasetmə Dəstəsinin Beynəlxalq Axtarış-Xilasetmə Məşvərət Qrupu (INSARAG) sinifləndirməsinə hazırlanması üzrə tədbirlər çərçivəsində keçirilən təlimin əsas məqsədi şəxsi heyətin fəlakət bölgəsində mürəkkəb şəraitdə beynəlxalq standartlara uyğun fəaliyyət göstərməsi üçün bilik və bacarıqlarının təkmilləşdirilməsindən, onlara müasir idarəetmə və koordinasiya sistemlərinin tətbiqi bacarıqlarının aşılanmasından ibarət olub.

Təlimin rəhbəri Nazirliyin Baş Əməliyyat idarəsinin rəis müavini polkovnik Ələsgər Əliyev çıxışında humanitar əməliyyatlarda iştirakın əsasları, hazırlıq, Türkiyə və Suriyada baş vermiş zəlzələlərin nəticələrinin aradan qaldırılmasında iştirak etmiş beynəlxalq komandaların təklifləri nəzərə alınmaqla beynəlxalq “INSARAG” təlimatlarına edilmiş əlavə və dəyişikliklər barədə məlumatları iştirakçıların diqqətinə çatdırıb.   

Sonra təşkil olunmuş metodiki toplantıda idarəetmə sistemləri, fövqəladə hallara psixoloji hazırlıq və zərərçəkənlərə psixoloji yardım, təhlükəsizlik qaydaları, qapalı sahələrdən xilasetmə və ilk tibbi yardım mövzularında təqdimatlar dinlənilib, müzakirələr aparılıb.

Daha sonra təlimə start verilib. Nazirliyin Akademiyasında reallaşdırılan təlim zamanı Beynəlxalq Axtarış-Xilasetmə Dəstəsinin şərti baş vermiş zəlzələ ilə əlaqədar yardım üçün müraciət etmiş ölkəyə göndərilməsi, müvafiq plan əsasında səfərə hazırlıq işlərinin aparılması, texniki vasitələrin “zərərçəkmiş” zonaya çatdırılması təmin olunub. Təlim prosesində şərti hadisə yerindəki mövcud vəziyyətin qiymətləndirilməsi, idarəetmə və qarşılıqlı fəaliyyətin təşkili, dağıntılar altından zərərçəkmişlərin xilas edilməsi üzrə tədbirlər həyata keçirilib. Təlim zamanı, həmçinin yerli fövqəladə hallar orqanı (LEMA) ilə qarşılıqlı fəaliyyət, gömrük və sərhədkeçmə prosedurlarının yerinə yetirilməsi, media nümayəndələrinə müsahibə verilməsi üzrə qaydaların tədrisi diqqət mərkəzində saxlanılıb. Təlimdə fəaliyyətə dair təhlükəsizlik qaydalarının öyrənilməsinə, həyat və sağlamlığın qorunması üzrə əməli vərdişlərin aşılanmasına, beynəlxalq təlimatlarda nəzərdə tutulan fəaliyyətin planlaşdırılması və icrası üzrə plan, məlumat və hesabat xarakterli sənədlərin hazırlanması üzrə bilik və bacarıqların artırılmasına xüsusi diqqət yetirilib.

Təlim zamanı qarşıya qoyulmuş məqsədlərə nail olunub. Təlimin sonunda əldə edilmiş nəticələrin müzakirəsi məqsədilə toplantı keçirilib, müvafiq tapşırıqlar verilib.