FHN-in Sumqayıt Regional Mərkəzində müşavirə keçirildi - Fotolar

fhn-in-sumqayit-regional-merkezinde-musavire-kecirildi
Oxunma sayı: 1777

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi Sumqayıt Şəhər İcra Hakimiyyəti ilə birgə “Ehtimal edilən fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması” mövzusunda müşavirə keçirib.

“Qafqazinfo” xəbər verir ki, müşavirədə FHN-in Sumqayıt Regional Mərkəzinin rəisi polkovnik Vaqif Fətullayev, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, iri sənaye və istehsalat müəssisələrinin rəhbərləri iştirak ediblər.

Müşavirədə çıxış edən Vaqif Fətullayev bildirib ki, iqlim dəyişikliyinə səbəb olan dünya sənayesinin inkişafı əhalinin və ərazilərin təhlükəsizliyinin təmin olunmasına xüsusi diqqətin ayrılmasını tələb edir. Bu kontekstdə Sumqayıtda yerləşən iri sənaye və istehsalat müəssisələrində keçirilmiş monitorinqlərin nəticəsi barədə geniş məlumat verib.

Zakir Fərəcov çıxışında ətraf mühitin qorunması ilə bağlı dövlət tərəfindən atılan addımlar və Sumqayıtda görülən işlərdən danışıb, ekoloji tarazlığın qorunmasının vacibliyini vurğulayıb. İcra başçısı çıxışında fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması zamanı əhalinin təhlükəsizliyinin təmin olunması istiqamətində birgə əməkdaşlığın mühüm rol oynadığını vurğulayıb.

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin şöbə rəisi daxili xidmət polkovniki Cəmil Xudiyev çıxış edərək məişət və istehsalat tullantılarının qanunsuz yığıldığı ərazilərin təmizlənməsi, nasaz yanğın su hovuzlarının və hidrantlarının bərpası, mühüm əhəmiyyət kəsb edən, eyni zamanda təhlükə potensiallı iri sənaye və istehsalat müəssisələrinin, insanların kütləvi toplaşdığı obyektlərin yanğına qarşı vəziyyəti barədə məlumat verib.

Sonra müşavirədə çıxış edənlər səsləndirilən problemlərin həllinə dair təkliflər səsləndiriblər.

Müşavirənin sonunda Sumqayıt Regional Mərkəzinin, Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin texnika və avadanlıqlarına baxış keçirilib, onların təyinatı və istifadə qaydaları haqqında məlumat verilib.