FHN işçilərin sağlamlığının qorunması ilə bağlı seminar-müşavirə keçirib - Fotolar

fhn-iscilerin-saglamliginin-qorunmasi-ile-bagli-seminar-musavire-kecirib
Oxunma sayı: 2154

Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin təşkilatçılığı ilə Agentliyin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunda “Əməyin təhlükəsizliyi - iş prosesində işçilərin həyatını və sağlamlığını qoruyan sistemdir” mövzusunda seminar-müşavirə keçirilib.

FHN-dən “Qafqazinfo”ya verilən məlumata görə, seminar-müşavirə təhlükə potensiallı obyektlərin istismarı ilə məşğul olan müxtəlif sənaye müəssisələrində texniki təhlükəsizliyin təmin edilməsinin təhlili və qabaqlayıcı-profilaktik tədbirlərin görülməsi məqsədilə təşkil olunub.

Tədbirdə Fövqəladə Hallar Nazirliyinin, Bakı şəhərinin rayonlarının icra hakimiyyətlərinin, ayrı-ayrı müəssisələrin məsul vəzifəli nümayəndələri, sənayenin müxtəlif sahələrində fəaliyyət göstərən iş adamları iştirak edib.

Agentliyin Qazan, qaldırıcı və energetika qurğularında işlərin təhlükəsiz görülməsinə nəzarət müfəttişliyinin rəisi Sahil Mənsimov, Metallurgiya sənayesində işlərin təhlükəsiz görülməsinə nəzarət müfəttişliyinin rəisi İlqar Qocayev, Maye və təbii qaz obyektlərində işlərin təhlükəsiz görülməsinə nəzarət müfəttişliyinin rəis vəzifəsini müvəqqəti icra edən Eldar Əhmədov, "Azneft" İB-nin SƏTƏM şöbəsinin rəisi Mübariz Şamilov, "Azəriqaz" İB-nin SƏTƏM şöbəsinin rəisi İlkin Behbudov çıxış edərək texniki təhlükəsizliklə bağlı mövcud problemlərdən söz açıb, bədbəxt hadisələrin qarşısının vaxtında alınması üçün zəruri olan qabaqlayıcı-profilaktik tədbirlər barədə təkliflər səsləndiriblər.

Sonra mövzu ətrafında geniş müzakirə aparılıb, qaldırılan suallar cavablandırılıb.