FHN minatəmizləmə əməliyyatlarını davam etdirir - Foto

fhn-minatemizleme-emeliyyatlarini-davam-etdirir
Oxunma sayı: 1221

Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin Mina Əleyhinə Xüsusi Təyinatlı “N” saylı hərbi hissəsi işğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatlarını sürətli şəkildə davam etdirir.

“Qafqazinfo” xəbər verir ki, Vətən müharibəsi başa çatdıqdan sonra işğaldan azad edilmiş ərazilərin minalardan və partlamamış hərbi sursatlardan, müharibənin partlamamış qalıqlarından təmizlənməsi əməliyyatlarına müvafiq qurumların əməkdaşları ilə yanaşı, Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin minaaxtaran-istehkamçı qrupları da cəlb olunub. Əməliyyatlar təyin olunmuş istiqamətlər üzrə, kənd və qəsəbələrdə, eləcə də içməli su hövzələrinin kənar ərazilərində, su kanalları boyunca aparılır.

FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin Mina Əleyhinə Xüsusi Təyinatlı “N” saylı hərbi hissəsinin bölük komandiri Səbuhi Sarıyev bildirib ki, minatəmizləmə əməliyyatlarına cəlb edilmiş Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları ən müasir avadanlıqlarla təchiz olunub və bu sahədə beynəlxalq kurslarda iştirak edərək akkreditasiyadan keçiblər.

Qeyd olunub ki, prosesə istehkamçılarla bərabər xüsusi təlim keçmiş itlər də qoşulur. Ərazilərin partlamamış hərbi sursatlarla (PHS) çirklənmə miqyası həddindən artıq geniş olduğu üçün minaaxtaran itlərə ehtiyac yaranıb. Bu itlər çox sayda mina və partlayıcı maddələri aşkarlama qabiliyyətinə malikdir: "Düşmən qadağan olunmuş üsullardan istifadə etməklə, ərazilərin minalanması zamanı heç bir standart, norma gözləməyib və ərazilər çox ciddi şəkildə minalanıb. Ərazidə düşmən tərəfindən basdırılmış tank əleyhinə və piyada əleyhinə minalar aşkar edilir. Minalanmış ərazilərin metal parçaları ilə çirklənməsi minatəmizləmə işini çətinləşdirir. Lakin bütün bunlara baxmayaraq, ərazilərdə minatəmizləmə prosesi tam gücü ilə davam etdirilir. Çirklənmiş ərazilər aidiyyəti qurumların əməkdaşları ilə qarşılıqlı fəaliyyət prinsipləri əsasında təmizlənir. İşğaldan azad olunmuş ərazilərdə paralel olaraq quruculuq işləri də sürətlə davam etdirilir. Quruculuq işlərində iştirak edən şəxsləri ərazilərdə ehtiyatlı olmağa, müəyyən olunmuş, təmizlənmiş yollardan istifadə etməyə, xüsusi işarələnmiş zolaqlardan çıxmamağa çağırırıq. Mina və partlamamış hərbi sursatlar, əraziyə xas olmayan şübhəli əşyalar, ərazinin minalı olmasını göstərən amillər gördükdə dərhal Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə məlumat versinlər. Partlayıcı qurğuların qurbanına çevrilməyək".