FHN silsilə maarifləndirmə tədbirləri keçirdi

fhn-silsile-maariflendirme-tedbirleri-kecirdi
Oxunma sayı: 1298

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.

"Qafqazinfo" xəbər verir ki, FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssislərinin də iştirakı ilə Sumqayıt Regional Mərkəzi tərəfindən Abşeron rayon Heydər Əliyev Mərkəzində, Qarabağ Regional Mərkəzi tərəfindən Ağcabədi rayonu Cavad Həsənov adına Hüsülü kənd tam orta məktəbində, Şimal-qərb Regional Mərkəzi tərəfindən Qobustan rayonu Qurbançı kənd ibtidai orta məktəbində və Şamaxı rayonu Mərzəndiyə kənd tam orta məktəbində, Cənub Regional Mərkəzi tərəfindən Yardımlı rayonu Çayüzü kənd tam orta məktəbində, Şimal Regional Mərkəzi tərəfindən Xaçmaz “Qafqaz” Konserv zavodu MMC-də maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.

Tədbirlərdə fövqəladə halların təsnifatı, yanğınlar, zəlzələ, torpaq sürüşməsi, sel və daşqınlar və ölkəmiz üçün xarakterik olan digər fövqəladə hadisələrlə bağlı geniş məlumat verilib, bu hadisələr zamanı zəruri təhlükəsizlik tədbirləri barədə ətraflı danışılıb. Bundan əlavə, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.

Qeyd edək ki, slaydların müşayiəti ilə edilən təqdimatlar zamanı mövzulara dair videoçarxlar da nümayiş olunub.

İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.