Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin təşkilatçılığı ilə Sumqayıt şəhərində “Texniki təhlükəsizlik bizim prioritetimizdir” mövzusunda seminar-müşavirə keçirilib.
“Qafqazinfo” xəbər verir ki, seminar-müşavirə təhlükə potensiallı obyektlərin istismarı ilə məşğul olan müxtəlif sənaye müəssisələrində texniki təhlükəsizliyin təmin edilməsinin təhlili və qabaqlayıcı-profilaktik tədbirlərin görülməsi məqsədilə təşkil olunub.
Tədbirdə Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin məsul əməkdaşları, FHN-in Sumqayıt Regional Mərkəzinin əhatə etdiyi ərazidə fəaliyyət göstərən yerli icra hakimiyyətlərinin nümayəndələri, sənayenin müxtəlif sahələrində fəaliyyət göstərən iş adamları iştirak edib.
Agentliyin rəis müavini Piri Quluzadə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən iqtisadi siyasətin əhəmiyyətindən, dövlət başçısı tərəfindən sahibkarlara, o cümlədən sənaye sahələrində fəaliyyət göstərən iş adamlarına göstərilən xüsusi diqqət və qayğıdan danışıb.
Rəis müavini sənaye müəssisələrində texniki təhlükəsizliyin təmin edilməsinin vacibliyini qeyd edərək, bu sahədə qabaqlayıcı-profilaktik tədbirlərin görülməsinin zəruriliyini vurğulayıb.
Sonra mövzu ətrafında geniş müzakirə aparılıb, yaranan suallar cavablandırılıb.




Son xəbərlər
Son Xəbərlər