Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti Heydər Əliyev Beynəlxalq Aeroportunda birgə təlim keçirib.
“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, təlim hava limanında yanğın təhlükəsizliyi tədbirlərinin səmərəliliyinin, habelə fövqəladə hallara çevik reaksiya verilməsi imkanlarının artırılması, eyni zamanda hava limanı ilə müvafiq dövlət qurumları arasında xilasetmə əməliyyatlarında qarşılıqlı fəaliyyət və koordinasiyanın gücləndirilməsi məqsədilə təşkil olunub.
Təlimə “AZAL” QSC-nin Aviasiya Təhlükəsizliyi Baş İdarəsinin xüsusi avadanlıqlarla təchiz edilmiş yanğınsöndürmə və xilasetmə qrupları, tibbi personalı və FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.
Simulyasiyalarda bütün tapşırıqlar yüksək peşəkarlıqla yerinə yetirilib və qarşıya qoyulan məqsədlərə tam şəkildə nail olunub.