“FIDE” Şahmat Olimpiadasını onlayn keçirəcək

fide-sahmat-olimpiadasini-onlayn-kecirecek
Oxunma sayı: 908

Beynəlxalq Şahmat Federasiyası (FIDE) koronavirus pandemiyasına görə onlayn formatında Ümumdünya Şahmat Olimpiadasını təşkil etməyə hazırlaşır.

"Qafqazinfo" xəbər verir ki, yarış iyulun 22-də start götürəcək və avqustun 30-da başa çatacaq. Reqlamentə əsasən qarışıq komandaların mübarizəsində hər yığmada 6 şahmatçı yer alacaq. Heyətdə ən azı iki qadın şahmatçı mübarizə aparmalıdı. Həmçinin hər komandada bir oğlan və bir qız 20 yaşadək olmalıdır.

Bundan başqa, hər yığma 6 ehtiyat oyunçu və kapitan sifariş etməlidi. Olimpiada iki mərhələdən ibarət olacaq. Öncə komandalar 4 divizionda – Top, I, II və III divizionda mübarizə aparacaq. Ardınca pley-off baş tutacaq. Azərbaycanı onlayn formatında keçirilən Ümumdünya Şahmat Olimpiadasında Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Vüqar Əsədli və Xanım Balacayeva təmsil edəcək.

Azərbaycan Şahmat Federasiyası tərəfindən ehtiyat oyunçular siyahısına Rauf Məmmədov, Qədir Hüseynov, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva, Aydın Süleymanlı və Gövhər Beydullayevanın adı daxil edilib. Komandamızın kapitanı Eltac Səfərli və Rəhim Qasımov olacaq. Qeyd edək ki, divizionların tərkibləri açıqlanmayıb. Azərbaycan yığmasının 40 komandanın yer alacağı Top-divizionda mübarizə aparacağı gözlənilir.