FIFA20 Birinci Liqasının ilk həftəsində gözlənilməz nəticələr

fifa20-birinci-liqasinin-ilk-heftesinde-gozlenilmez-neticeler
Oxunma sayı: 1378

İyulun 27-də start götürən FIFA20 Birinci Liqasının ilk həftəsi gözlənilməz nəticələrlə yadda qalıb. “Qafqazinfo” xəbər verir ki, liqa iştirakçıları bir-birindən maraqlı oyunlar sərgiləyərək azarkeşləri təəccübləndirməyi bacarıblar.

5 oyundan sonra artıq lider qrupu və autsayderlər formalaşıb. Belə ki, 15 xalla maksimum nəticə göstərən “Qazakh Ashiqs” komandası ilk sırada, 13 xal toplayan “Qobustan Stones” ikinci sırada qərarlaşıb, hərəyə 3 qələbə və 2 heç-heçə nəticə göstərən “Quba Tigers” və “Nakhchivan Alinja Tower” komandaları isə üçüncü və dördüncü yerləri bölüşdürüblər.

İlk mövsümün qalibi Cavid Qurbanovun “Nakhchivan Alinja Tower” komandası gözlənilənlərin əksinə olaraq ilk üçlüyə daxil ola bilməyib. Birinci mövsümün daha bir uğurlu siması Tural Həsənovun “Karabakh Horses” komandası isə zəif nəticə göstərərək, yalnız 11-ci yerdə qərarlaşıb.

İkinci həftə bizi olduqca maraqlı oyunlar gözləyir. Oyunçuların əksəriyyəti eyni səviyyədə çıxış edir. Bəs görəsən qələbəyə həsrət qalan autsayderlər dönüş edə biləcəklər? Liderlərin mövqeyi möhkəmlənəcək, yoxsa gələcək turlarda onları ciddi müqavimət gözləyir? Kiberfutbol hər zaman təəccübləndirir və ümid edək ki, bu cür də davam edəcək.  

Bütün oyunları canlı olaraq həftənin 6 günü saat 12:00- 17:00 aralığında GLAHUB yutub kanalında və 16:00-dan 17:00-dək isə “İdman TV” kanalında izləməyə davam edin.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, İdman TV, Azərbaycan Kiber İdman Federasiyası, Gaming League Azerbaijan (GLA) və Topaz-ın birgə təşkilatçılığı ilə keçirilən Birinci Liqaya sentyabrın 11-də yekun vurulacaq. Turnirin baş sponsoru BirBank, sponsoru Mountain Dew şirkətidir.