“Qəbələ”nin xorvatiyalı yarımmüdafiəçisi Filip Ozobiç Azərbaycan kubokunun finalında sabah “Qarabağ”a qarşı keçirəcəkləri oyundan danışıb.
“Qafqazinfo”ya müsahibə verən futbolçu həlledici qarşılaşmaya çox ciddi hazırlaşdıqlarını bildirib:
- Final matçı haqqında fikirləriniz necədir?
- Həddən artıq maraqlı qarşılaşma olacaq. Çünki finalda Azərbaycanın iki ən güclü komandası oynayır. Ona görə də matçdan zövq alacaqsınız.
- Qarşılaşmaya hazırsız?
- Əlbəttə. Çox ciddi şəkildə bu oyuna hazırlaşmışıq. Mənim tək istəyim odur ki, “Qəbələ” sabah kuboku qazansın və tarixi uğura imza atsın. Bunun üçün əlimdən nə gəlirsə, meydanda göstərməyə hazıram. Biz kuboku qazanmalıyıq.
- Qələbə üçün sizə nə lazımdır?
- Özü oyunumuzu göstərməliyik. Həm də xarakter lazımdır. Bunları ortaya qoya bilsək, final fiti səslənəndə kubok bizim olacaq. Bütün fikrimiz matçdadır.
- Artıq dünəndən Naxçıvandasınız. Stadionla tanış olmusunuz?
- Yox. Hələ tanış olmamışıq. Amma bu gün orada məşq edəcəyik.
- Yəqin ki, durumun ürəkaçan olmadığını bilirsiniz...
- Əlbəttə ki, durumdan xəbərdarıq. Amma bu nəyisə dəyişmir. Çünki rəqib də eyni şəraitda oynayacaq. Şərtlər bərabərdirsə, gücünü göstərməlisən. Biz bunun üçün hazırlaşırıq. Oynadığımız futbolla kuboku Qəbələyə gətirəcəyik.
- “Qarabağ”la mövsüm ərzində dəfələrlə üz-üzə gəlmisiniz. Sizi rəqibin heyətində qorxudan nədir?
- Rəqib çox güclü və təhlükəli komandadır. Onların heyətində əla futbolçular var. Üstün və ya zəif cəhətlərini deyə bilmərəm. Amma hər kəs gücünə bələddir və son çempiondur. Ümid edirəm ki, ortaya qoyduğumuz futbolla onları üstələyə biləcəyik.
- Kuboksuz mövsümü sizin üçün faciə saymaq olar?
- Bu barədə nəsə demək çətindir. Hər şeyi oyundan sonra görərik.
- “Neftçi”nin sizinlə maraqlanması haqqında xəbərlər var...
- İlk dəfə sizdən eşidirəm. “Qəbələ” ilə müqaviləm var.
Son xəbərlər
Son Xəbərlər