“FİNCA Azerbaijan” bank olacaq

finca-azerbaijan-bank-olacaq
Oxunma sayı: 657

“Qafqazinfo” xəbər verir ki, “FINCA Azerbaijan”nın ölkə direktoru Maniş Sane bildirib ki, 2012-ci ildə təşkilatın kredit portfeli 2011-ci illə müqayisədə 27,5 milyon manat və ya təxminən 30% artaraq 92,5 milyon manatdan 120 milyon manata yüksəlib.
Onun sözlərinə görə, ötən il təşkilatın aktiv müştərlərinin sayı 16894 şəxs artaraq 136761-ə çatıb: “O cümlədən, aktiv fərdi müştərilərin sayı 14752 şəxs artaraq 47605-ə, aktiv qrup müştərilərinin sayı isə 2142 şəxs artaraq 89156-ya yüksəlib. Kredit portfelinin 60,2 milyon manatı qrup kreditlərinin, 59,7 milyon manatı isə fərdi kreditlərin payına düşüb. Keçən il fərdi kreditlərin həcmi 56% artıb. İlin əvvəlindən fevralın 8-dək keçən müddət ərzində isə təşkilatın kredit portfeli 1% artaraq 121,3 milyon manata çatıb. Eyni zamanda aktiv müştərilərin sayı 137940-a yüksəlib. 14 il ərzində “FINCA Azerbaijan” tərəfindən 670,7 milyon manat məbləğində kreditlər verilib. “FINCA Azerbaijan” ilin sonuna kredit portfelini 138 milyon manata, müştərilərinin sayını isə 150 minə çatdırmağı hədəfləyir”.
Maniş Sane onu da bildirib ki, cari ildə əsas məqsədlərindən biri banka çevrilməyə nail olmaqdır: Mərkəzi Bankın lisenziyanın verilməsi ilə bağlı bir sıra şərtləri var. Şərtlərdən ən əsası, üç ortağın tələb edilməsidir. Biz çalışırıq ki, alternativ yollarla buna nail olaq. “FINCA Azerbaijan” banka çevrilməyi gələn ilə saxlamaq istəmir”.

Nigar Məmmədli