Bakı Dövlət Universitetinin rektoru vəzifəsini icra edən, təhsil nazirinin müavini Firudin Qurbanov Koreyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kim Tonq-op ilə görüşüb.
“Qafqazinfo” xəbər verir ki, son illər ölkəmizdə təhsil infrastrukturunun müasirləşdirilməsi və keyfiyyətinin yüksəlməsi, idarəetmə sisteminin yenidən qurulması istiqamətində görülən işləri qeyd edən F.Qurbanov, Azərbaycan Təhsil Nazirliyi və Koreya Təhsil və İnsan Resurslarının İnkişafı Nazirliyi arasında təhsil sahəsində əməkdaşlığa dair imzalanmış anlaşma memorandumundan sonra bir çox layihələrin həyata keçirildiyini, orta və ali təhsildə müvafiq işlər görüldüyünü, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 40-dək tələbənin Koreyanın müxtəlif universitetlərində təhsil aldıqlarını diqqətə çatdırıb.

Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində 12 ildir fəaliyyət göstərən Koreyaşünaslıq ixtisası üzrə 64 nəfərin məzun olduğunu qeyd edən F.Qurbanov tədrisin yerli müəllimlərlə yanaşı, koreyalı mütəxəssislər tərəfindən də aparıldığını, tələbələrin artıq 6-cı ildir ki, universitetdə keçirilən Bakı Koreya dili Natiqlik müsabiqəsində aktiv iştirak etdiklərini vurğulayıb.
Səfir Kim Tonq-op Koreyaşünaslıq ixtisasında təhsil alan tələbələrin dərsliklər və təqaüdlə təmini, Koreya dili və mədəniyyətini təbliğ edən, Qafqaz regionunda ilk dəfə olaraq BDU-nun nəzdində açılan Kral Seconq İnstitutunun fəaliyyəti kimi məsələlərlə bağlı fikirlərini bölüşüb, BDU ilə Koreya universitetləri arasında əlaqələrinin genişləndirilməsi istiqamətində birgə fəaliyyətin gücləndirilməsində maraqlı olduqlarını bildirib.
Son xəbərlər
Son Xəbərlər