“Qafqazinfo” xəbər verir ki, mətbuat konfransında Latviyanın sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri və Madrid Klubunun prezidenti Vayra Vike-Frayberqa bildirib ki, Madrid Klubunun yeddi belə layihə həyata keçirib ki, onlardan ikisi Bakıda bu cür yüksək səviyyədə təşkil olunub və bu, Azərbaycan Prezidenti İlham Əliyevin dəstəyi sayəsində baş tutub. O, əvvəlki illərlə müqayisədə builki forumda daha böyük uğurlar əldə olunduğunu deyib: “Forum çərçivəsində həllini tapmayan problemlər üzə çıxdı. Bunlardan bir hissəsi də “dondurulmuş münaqişələr”dir. Bunlar Dağlıq Qarabağ, Dnestryanı münaqişələr, o cümlədən Ukraynada baş verənlərə aiddir. Sessiya zamanı biz həll variantlarının tapılması üçün müzakirələr apardıq və təkliflər səsləndirdik. Təkliflərin nəticəsi odur ki, beynəlxalq təşkilatlar daha fəal olmalı və bütün imkanlarını səfərbər etməlidirlər”.
Diasporla iş üzrə Dövlət Komitəsinin sədri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvü Nazim İbrahimov isə bildirib ki, bu Forumun keçirilməsi bir daha Bakının qlobal məsələlərin həll olunduğu mərkəzə çevrildiyini göstərmiş oldu. Ölkə Prezidenti İlham Əliyevin Foruma qatılması, həmçinin tədbir iştirakçıları ilə ayrı-ayrılıqdan görüşməsi və diqqət ayırması isə rəsmi Bakının bu toplantıya böyük əhəmiyyət verdiyini göstərir. Onun sözlərinə görə, qərar verilib ki, toplantıya gələn təşkilatların arzusu olarsa, Azərbaycan hər il bu cür forumlara ev sahibliyi etməyə hazırdır. Dövlət Komitəsinin sədri bu ilin oktyabr ayında Gəncədə Nizami irsinin öyrənilməsinə həsr olunan beynəlxalq konfrans keçiriləcəyini də açıqlayıb. Nazim İbrahimov tədbirin təşkilində əməyi olan bütün qurumlara, eləcə də Forumun işini geniş işıqlandıran kütləvi informasiya vasitələrinin nümayəndələrinə təşəkkür edib.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, İsgəndəriyyə kitabxanasının direktoru İsmail Serageldin isə bildirib ki, Gəncədə Nizami irsinin öyrənilməsinə həsr olunan beynəlxalq konfrans daha çox texniki xarakter daşıyacaq və tədbirə Nizami irsini araşdıran qərb və şərq alimləri dəvət olunacaq. Konfrans zamanı Nizami Gəncəvi əsərlərinə yeni yanaşma tərzi, bu yanaşmanın tədrisi, tədqiqi kimi məsələlər müzakirə ediləcək.
Sonda jurnalistlərin münaqişələrin həllinə dair suallarını cavablandıran Vayra Vike-Frayberqa bildirib ki, beynəlxalq hüququn qorunması və ərazi bütövlüyü prinsiplərinin tələbinə görə Azərbaycanın ərazi bütövlüyü təcili bərpa olunmalıdır: “Bununla bağlı BMT-nin faktiki qətnamələri var və ATƏT-in Minsk Qrupunun üç həmsədr ölkəsi məsələ ilə yaxından məşğul olur. Ona görə də açıq deyirəm: istədikləri formatdan, istər ikilik, istər üçlük, istər dördlük, ümumiyyətlə, istədikləri musiqili ansambldan istifadə etsinlər, amma bu münaqişə həll olunmalıdır, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Bu, bizim dövlətin də mövqeyidir. Mən prezident olanda da bu mövqedə olmuşam və təəssüf ki, hələ də bu problem davam edir”.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov isə bildirilib ki, bu forumda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələrə daha çox yer verildi və təkliflər, tələblər səsləndirildi: “Nəzərə alaq ki, bu Forumda söylənən fikirlər bəyanatlara bərabərdir və bəyanatlar qədər əhəmiyyət daşıyır”.
Beləliklə, aprelin 28-29-da Bakıda keçirilən II Qlobal Açıq Cəmiyyətlər Forumu öz işini başa vurub.
Son xəbərlər
Son Xəbərlər