Fransa ABŞ və Avstraliyadakı səfirlərini geri çağırdı

fransa-abs-ve-avstraliyadaki-sefirlerini-geri-cagirdi
Oxunma sayı: 1859

Fransa rəsmi Kanberranın “Naval Group”la sualtı qayıq müqaviləsindən çıxması səbəbindən ABŞ və Avstraliyadakı səfirlərini məsləhətləşmələr üçün geri çağırıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Fransa xarici işlər naziri Jan-İv Le Drian məlumat yayıb. Bildirilir ki, bu addım Prezident Emmanuel Makronun tələbi ilə atılıb.

“Bu müstəsna qərar sentyabrın 15-də Avstraliya və ABŞ tərəfindən verilən ciddi açıqlamalar fonunda verilib”, - deyə Le Drian bildirib.

Onun sözlərinə görə, Kanberranın sualtı qayıq layihəsindən çəkilməsi və yeni hərbi ittifaq çərçivəsində Avstraliya Hərbi Dəniz Qüvvələrinə nüvə enerjisi ilə işləyən sualtı gəmiləri istehsal etmək üçün ABŞ ilə mümkün əməkdaşlığı müttəfiqlər və tərəfdaşlar arasında qəbuledilməz davranışdır.

Üç ölkə Çinə qarşı birləşdi

Qeyd edək ki, bu həftə Böyük Britaniyanın Baş naziri Boris Conson, ABŞ Prezidenti Co Bayden və Avstraliyanın Baş naziri Skott Morrison müdafiə və təhlükəsizlik sahəsində AUKUS alyansının yaradıldığını elan ediblər. Daha sonra isə Kanberra Fransanın “Naval Group” şirkəti ilə sualtı qayıq layihəsindən çıxdığını bildirib.

90 milyard Avstraliya dolları həcmində olan və “əsrin müqaviləsi” adlandırılan yeni razılaşma “Barracuda” tipli 12 sualtı qayığın istehsalını nəzərdə tutur.

Le Drian Avstraliyanın müqavilədən çıxmasını “arxadan vurulan zərbə” adlandırıb və ölkəsinin həm rəsmi Kanberradan, həm də Vaşinqtondan açıqlama gözlədiyini vurğulayıb.