“Fransa Azərbaycanla Ermənistan arasında moderatorluğa çalışır”

fransa-azerbaycanla-ermenistan-arasinda-moderatorluga-calisir
Oxunma sayı: 1292

Xəbər verdiyimiz kimi, dünən Fransa prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel arasında videoformatda görüş keçirilib.

“Qafqazinfo” xəbər verir ki, politoloq Elxan Şahinoğlu görüş barədə fikirlərini sosial şəbəkə hesabında bölüşüb.

O qeyd edib ki, Azərbaycan və Ermənistan liderləri bu illər ərzində müxtəlif görüşlər keçiriblər:

“Ancaq videformat əsasında ilk dəfədir görüş keçiriblər.

Makron niyə belə bir təşəbbüslə çıxış edib?

Birincisi, bu ilin başlanğıcında Avropa İttifaqına sədrlik Fransaya keçib və Paris bütün istiqamətlərdə istər-istəməz fəallıq nümayiş etdirməlidir. Avropanın əsas problemləri arasında Rusiya-Ukrayna gərginliyini və qaz tədarükü ilə bağlı yaranan suallar göstərmək olar.

Bununla yanaşı, Avropa İttifaqının hazırkı sədri Fransa  Azərbaycanla Ermənistan arasında moderatorluğa da çalışır. Azərbaycan Brüsselin moderatorluğunun əleyhinə deyil. Ancaq Fransanın moderatorluğu Azərbaycanda suallar doğurur. Çünki Fransadakı siyasi dairələr Ermənistanın mövqeyini müdafiə etdiklərini gizlətmirlər, ayrı-ayrı siyasətçiləri isə Qarabağ separatçılarına dəstək ifadə edirlər.

Fransa Azərbaycanla Ermənistan arasında vasitəçilərindən biri olmaq üçün xarici siyasətinin bu istiqamətini korrektə etməlidir. Bu olmazsa, Parisin moderatorluğu bir işə yaramayacaq.

İkincisi, apreldə Fransada prezident seçkisidir və əgər Makron yenidən namizədliyini irəli sürərəcəksə, xarici siyasətdə fəallığını artırmalıdır. Hazırda Makron Kiyevlə Moskva arasında da vasitəçiliyini genişləndirmək istəyir.

Fevralın 4-də videoformat əsasında keçirilən görüşdə isə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasına dair ətraflı müzakirələr keçirilib. Bu xüsusda, tədbirin əvvəlcədən müəyyən edilmiş gündəliyinə uyğun olaraq, iki ölkə arasında münasibətlərin müxtəlif aspektləri, o cümlədən, humanitar məsələlər, etimad quruculuğu, Azərbaycanın üzləşdiyi mina problemi, kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası və demarkasiyası, sülh sazişi üzrə danışıqların başlanması kimi məsələlərə dair fikir mübadiləsi aparılıb.

Görüşdə, həmçinin, UNESCO-nun Azərbaycana və Ermənistana missiyası məsələsi də müzakirə olunub və missiyanın hər iki ölkəyə göndərilməsinə dair razılıq ifadə edilib. Böyük ehtimalla bu görüşdə əldə edilən əsas nəticədir.

Rəsmi İrəvan müharibədən sonra hər yerə saxta məlumatlar yayır ki, guya Qarabağdakı “erməni abidələri” təhlükə altındadır. UNESCO 27 illik işğal dövründə Qarabağda dağıdılan məscidlərlə, muzeylərlə və tarixi abidələrlə bağlı mövqe ortaya qoymadı, bölgəyə nümayəndə heyəti göndərmədi, indi isə əl-ayağa düşüblər”.