“Fransa ikiüzlü siyasət aparır”

“Fransa ikiüzlü siyasət aparır”
Oxunma sayı: 263

“Qafqazinfo”nun məlumatına görə, bu sözləri SİA-ya açıqlamasında millət vəkili Məlahət İbrahimqızı deyib: “Ona görə ki, onların birbaşa Dağlıq Qarabağa getməsi onu göstərir ki, Fransa Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik edən ATƏT-in Minsk qrupu həmsədrlərindən biri olsa da Rusiya kimi ikiüzlü və ikili standartlara söykənən siyasət aparır. Bu bir reallıqdır və bunu sübut etməyə ehtiyac yoxdur. Həmçinin Fransa erməni lobbisinin ən güclü olduğu ölkələrdən biridir və bu zəmində prezident Nikola Sarkozinin də erməni diasporunun təsirində olması şübhəsizdir”.

Millət vəkili vurğulayıb ki, münaqişənin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədrləri bütövlükdə bitərəf və neytral olmalıdır: “Amma Fransa parlamenti deputatlarının Azərbaycanın icazəsi olmadan işğal olunan Dağlıq Qarabağ ərazilərinə səfər etməsi rəsmi Parisin münaqişənin həllində hansı mövqedə dayanmasını sübut edir. Azərbaycan torpaqlarının işğala məruz qaldığı, 1 milyonluq əhalisinin qaçqın olduğu halda rəsmi Paris bunları görməməzlikdən gələrək Ermənistanın marağını, mövqeyini müdafiə edir. Əgər onlar Qarabağa xoşməramlı getmək niyyətində olsaydılar, Azərbaycana gəlib, müəyyən qurumlara müraciət edib icazə alardılar. Bundan sonra Azərbaycan hökuməti onların Qarabağa səfəri ilə bağlı proqram hazırlayardı”.

Məlahət İbrahimqızı həmçinin hesab edir ki, Azərbaycan parlamenti də yaranan vəziyyətlə bağlı öz mövqeyini ortaya qoymalıdır: “Ən azı Azərbaycan-Fransa parlament dostluq qrupu Fransa parlamentinə müraciət etməlidir”- deyə, o əlavə edib.

Qeyd edək ki, Fransa Milli Yığıncağının deputatları Gi Tesye, Jak Remile, Jorj Kolumbye və Valeri Buayenin Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinə səfər edib. Onlar tanınmamış "Dağlıq Qarabağ Respublikası"nın rəhbərliyi ilə görüşüblər.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi