Fransada Azərbaycana həsr olunmuş tədbir - Fotolar

fransada-azerbaycana-hesr-olunmus-tedbir
Oxunma sayı: 832

Mayın 26-da Fransanın Reyms şəhərində Azərbaycan biznesini və mədəniyyətini bir araya gətirən tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbir Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Fransa nümayəndəliyinin, “Jazzus Productions”, “CCI International Champagne-Ardenne” şirkətinin və Azərbaycanın Fransadakı səfirliyinin birgə əməkdaşlığı şəraitində baş tutub.

Tədbir, Reyms və bu regionun 30-dan artıq şirkətinin nümayəndəsinin iştirak etdiyi dəyirmi masa arxasında mədəni əməkdaşlığın ölkənin daha da dərindən öyrənilməsindəki rolunun və iqtisadiyyata müsbət təsirinin müzakirəsi ilə başladı. Avropa Azərbaycan Cəmiyyətinin Fransa nümayəndəliyinin rəhbəri Marie-Laetitia Gourdin 2012-ci ildə Reymsdə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən məşhur “Azərbaycan - Pearl of the Caucasus” (Azərbaycan - Qafqazın mirvarisi) adlı sərginin keçirilməsi haqqında məlumat verib. Bildirib ki, ötən il TEAS “Sunnyside Festival” kimi tanınmış və “Jazzus Productions” tərəfindən təsis edilmiş yeni caz festivalının dəstəkləməsi haqqında razılıq əldə olunub. Bu əməkdaşlığın yaratdığı ruh yüksəkliyi dəyirmi masa arxasında biznes və mədəni müzakirələrin aparılmasına səbəb olub.

M.Gourdin qeyd edib ki, özündə Avropa ilə Şərq dünyasını birləşdirən Azərbaycan dünyəvi bir dövlətdir və Avropa İttifaqının yaxın tərəfdaşıdır. O, TEAS-ın Fransa və Azərbaycan şəhərləri arasındakı əməkdaşlığa dəstək verdiyindən, Kolmar və Mulhouse şəhərlərində keçirilən “Azerbaijan Through the Lens” foto sərgisindən, Azərbaycan milli koloritini tərənnüm edən məhsulların Parisdəki Milad Bazarında sərgilənməsindən bəhs edib.

Azərbaycanın Fransadakı səfirliyinin birinci katibi Ayaz Qocayev Heydər Əliyev Fondunun Fransada Azərbaycanın tanıdılması istiqamətində gördüyü işlərdən söhbət açıb. O, fondun Strasburq Kafedral Kilsəsində 14-cü əsrin yadigarı olan beş vitrajın, Basse-Normandie əyalətində yerləşən bir neçə kənd kilsəsinin bərpasına verdiyi töhfəsindən və Luvr muzeyində İslam bölməsinin yaradılmasında mühüm rolundan danışıb. Azərbaycanlı diplomat Fransa şəhər və əyalətlərinin Azərbaycanla əməkdaşlığının vacibliyinə də toxunub. Məlumat verib ki, 2011-ci ildən bu günədək 11 əməkdaşlıq müqaviləsi imzalanıb. Elm sahəsində əməkdaşlıq müqaviləsi isə Gəncə və Reims Universitetləri arasında bağlanıb.

Sonda “CCI International Champagne-Ardenne” şirkətinin direktoru Claude Humbert hazırda Azərbaycanda inkişaf etdirilən iqtisadi sahələrdən danışıb. O, kənd təsərrüfatı sektorunun inkişaf etdirilməsinin vacibliyini vurğuladı və gələcək əməkdaşlığın mümkünlüyünü qeyd edib.

Tədbir “Sunnyside Jazz Festival” çərçivəsində baş tutan jaz ifaçısı Elçin Şirinovun konserti ilə başa çatıb.