Fransada rəqəmsal izləmə sistemi tətbiq ediləcək

fransada-reqemsal-izleme-sistemi-tetbiq-edilecek
Oxunma sayı: 1397

Fransa hökuməti koronavirusla mübarizə çərçivəsində vətəndaşları smartfon proqramı vasitəsilə izləməyi planlaşdırdığını bildirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rəqəmsal işlər üzrə dövlət naziri Sedrik O açıqlama verib. Nazir qeyd edib ki, hökumətin həyata keçirmək qərarına gəldiyi “StopCovid” layihəsi çərçivəsində insanların rəqəmsal izlənmələri üçün xüsusi bir smartfon tətbiqetməsi hazırlanacaq.

Sözügedən applikasiyanın yükləməyin məcburi olmadığı və könüllü istifadəyə buraxılacağı qeyd edilib.

Nazir, həmçinin tətbiqetmənin işləmə prinsipi barədə də məlumat verib: “Müəyyən bir müddət ərzində iki insan bir-birinə yaxın olduqda birinin smartfonu digəri haqqında məlumatları telefona qeyd edəcək. Daha sonra əgər bu iki şəxsdən birində hər hansı bir ehtimalda koronavirus aşkarlanarsa, digər şəxs bu haqda avtomatik bildiriş alacaq. Beləliklə, bu tətbiqetmə sayəsində əlaqədə olduğunuz və yaxud eyni məkanda bir yerdə olduğunuz potensial koronavirus daşıyıcıları haqda sizə məlumat veriləcək”.

Qeyd edək ki, Fransada bir sıra müxalif partiyalar və hüquqşünaslar insanların azadlığını və məxfilik hüquqlarını pozması səbəbi ilə layihənin reallaşdırılmasına qarşı çıxıb.