Fransaya şok yaşadan çoxmillətli rəqib...

fransaya-sok-yasadan-coxmilletli-reqib
Oxunma sayı: 2970

Avropa xəritəsində Yuqoslaviya dağıldıqdan sonra ən çox güclənən ölkələrdən biri İsveçrə oldu. “Qafqazinfo” xəbər verir ki, yarım milyondan çox Balkan qaçqını 10 il ərzində məhz bu ölkəyə yerləşdi. 

Həmin ailələrdən bir çoxu uşaqlarını qitənin ən sakit ölkələrindən birində futbola yönləndirdi. Zaman keçdikcə bu uşaqlar İsveçrə milli futbol komandasının özəyini təşkil etməyə başladı. 

Sadəcə bununla bitmədi. Afrikadan gələn bir çox ailələr də Sürix və digər şəhərlərdə özlərinə məskən saldılar. Bu ailələr də uşaqlarını futbol məktəblərinə apardılar. Nəticədə İsveçrə yığması fizik və texnik gücün birləşmiş halına gələn bir komandaya döndü. Kobi Kuhn və Ottmar Hitzfeldin baş məşqçiliyi ilə başlayan uğurlu yolu hazırda komandanın başında olan və Bosniya və Herseqovina müharibəsində İsveçrəyə yerləşən serb məşqçi Vladimir Petkoviç davam etdirir. 


1996-cı ildən bu tərəfə İsveçrə yığması 6 Avropa çempionatından 4-nə qatıldı. Komandanın ən böyük uğuru isə AÇ-2016-da qrupdan çıxmaq olmuşdu. Heyətini bir az gücləndirən komanda Avro-2020-yə daha iddialı qatıldı. Qitə çempionatının seçmə mərhələsi oyunlarında 8 oyunda 17 xal toplayan Vladimir Petkoviçin yetirmələri qrupu lider olaraq başa vurmuşdu. Komandanın heyətində Bundesliqada oynamış və ya hazırda da oynayan 17 oyunçu yer alır. 


İndi isə İsveçrə millisinin əsasını təşkil edən və əslində əslən başqa ölkələrdən olan futbolçuları sizə təqdim edirik:

Kevin Mbabu – Tanzaniya əsilli futbolçudur. Sağ cinah müdafiəçisi hazırda Almaniyanın “Volfsburq” klubunun şərəfini qoruyur. 

Manuel Akanji – Nigeriya əsilli mərkəz müdafiəçisidir. Dortmund “Borussiya”sının da əsas müdafiəçilərindəndir. 


Rikardo Rodrgiez – İtaliyanın “Torino” klubunda çıxış edən müdafiəçinin atası ispan, anası isə çililidir. 


Qranit Caka – İsveçrə millisinin əsas oyunçularından biri və kapitanı. İngiltərənin “Arsenal” klubunda oynayan yarımmüdafiəçi əslən albandır. Lakin atası və anası Serbiyada doğulub və orada yaşayıblar. Müharibə səbəbindən İsveçrəyə köçən ailənin övladı Caka İsveçrə millisində oynamağı seçib. Onun digər qardaşı Taulant Caka isə Albaniya yığmasının üzvüdür. 


Xerdan Şakiri – İsveçrə yığmasının ulduzu və İngiltərənin “Liverpul” klubunda oynayan 29 yaşlı yarımmüdafiəçi Kosovo əsillidir. Onun ailəsi 1992-ci ildə Kosovodan İsveçrəyə köç edib. 


Brel Embolo – O, 1997-ci ildə Kamerunda dünyaya gəlib. Münhenqladbax “Borussiya”sının forvardı İsveçrə yığmasında oynamağı seçib. Avro-2020-nin ən çox danışılan futbolçularından biridir. 


Haris Seferoviç – İsveçrə yığmasının əsas qol ümidi olan Seferoviç əslən Bosniya və Herseqovinadandır. Onun da ailəsi müharibə səbəbindən İsveçrəyə köç edib. 


Ruben Varqas – Dominikan əsilli Varqas da sonradan İsveçrə millisini seçənlərdəndir. Almaniyanın “Ausburq” klubunda çıxış edən vinger Bundesliqa tarixinə ilk dominikanlı futbolçu kimi düşüb. 


Admir Mehmedi – Şimali Makedoniya əsilli futbolçu İsveçrə millisinin hücum xəttində yer alır. 


Mario Qavranoviç – 31 yaşlı forvard ötən gecə Fransa ilə matçda İsveçrə yığmasını xilas edən qolun müəllifi oldu. O, matçın 90+1-ci dəqiqəsində qol vurmaqla qarşılaşmanı əlavə vaxta apardı. Qavranoviç Bosniya və Herseqovina xorvatıdır. O, hazırda da Zaqreb “Dinamo”sunda çıxış edir.