Fuad Muradov Devid Harrislə görüşdü

fuad-muradov-devid-harrisle-gorusdu
Oxunma sayı: 1221

Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Fuad Muradov Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Harrisin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, komitə sədri bugünkü görüşün ötən ilin noyabr ayında ABŞ səfəri çərçivəsində Devid Harrislə baş tutmuş səmərəli görüşün davamı olduğunu xatırladaraq Azərbaycan diasporu ilə ABŞ-dakı yəhudi icmaları arasındakı əməkdaşlığın inkişafından məmnunluğunu ifadə edib.

Daha sonra Fuad Muradov qonaqlara Azərbaycan diaspor təşkilatlarının fəaliyyəti, ABŞ-dakı yəhudi icmaları ilə əməkdaşlıq imkanları barədə ətraflı məlumat verib. Nümayəndə heyətinə son günlər Azərbaycanın dövlət sərhədi boyunca Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatlar barədə də məlumat verilib.

Görüşə və təqdim olunmuş məlumata görə minnətdarlığını ifadə edən Devid Harris hər dəfə Azərbaycana gələndə yüksək tolerantlığın, bütün millətlərin dostluq və qardaşlıq münasibətləri içərisində firəvan yaşadığının bir daha şahidi olduğunu qeyd edib.

Görüşdə tərəflər, həmçinin Azərbaycan diaspor təşkilatları ilə ABŞ-dakı yəhudi icmalarının münasibətlərinin inkişafı perspektivləri, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.