Aprelin 2-də Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Gürcüstanın Baş naziri Mamuka Baxtadze ilə görüşüb.
“Qafqazinfo” xəbər verir ki, yüksək səviyyədə və səmimi atmosfer şəraitində keçən görüş zamanı ikitərəfli münasibətlər ətraflı müzakirə olunub. M.Baxtadze bildirib ki, Diasporla İş üzrə Dövlət Komitəsinin Gürcüstanda yaşayan azərbaycanlılarla bağlı həyata keçirdiyi layihələrə çox müsbət yanaşır və bu fəaliyyəti yüksək şəkildə dəyərləndirir.
Baş nazir M.Baxtadze görüşdə iştirak edən Barış və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşviliyə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi ilə ikitərəfli münasibətləri daha da intensivləşdirmək, çoxsaylı birgə layihələr həyata keçirmək barədə göstəriş verib.
Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov və Dövlət Komitəsinin sədr müavini Faiq Quliyev də iştirak ediblər.
Elə həmin gün Fuad Muradov Gürcüstan parlamentinin sədr müavini, Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Zviad Dziguri ilə də görüşüb.
F.Muradov Dövlət Komitəsi sədri kimi ötən ilin yayında ilk dəfə Gürcüstana səfər etdiyini və bu ölkədə yaşayan soydaşlarımızın üzləşdikləri problemləri ətraflı öyrəndiyini diqqətə çatdırıb. O, təhsillə bağlı layihələr hazırlandığını və aprelin 3-də Gürcüstan azərbaycanlılarının inteqrasiya mərkəzinin açılış mərasiminin keçiriləcəyini bildirib. Dövlət Komitəsinin sədri qeyd edib ki, gürcüstanlı azərbaycanlıların pedaqoji, dini təhsil almaları məqsədilə 2019-2020-ci tədris ilində Azərbaycanda kvotalar ayrılıb.
Eyni zamanda F.Muradov erməni separatçısına Gürcüstanda abidə ucaldılması məsələsinə toxunaraq, bunun ikitərəfli münasibətlərin hazırkı səviyyəsinə uyğun olmadığını nəzərə çatdırıb.


Son xəbərlər
Son Xəbərlər