Fuad Muradov səfərdədir

fuad-muradov-seferdedir
Oxunma sayı: 1521

Səudiyyə Ərəbistanı Krallığında səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov və Komitənin nümayəndə heyəti fevralın 6-da “Kral Salman” Humanitar Yardım Mərkəzinin (KSHYM) rəhbəri Abdullah Ər-Rabiə ilə görüşüb.

"Qafqazinfo" xəbər verir ki, Səudiyyə Ərəbistanına ilk dəfə səfər etdiyini bildirən və bu ölkədə olmaqdan məmnunluq duyduğunu ifadə edən Komitə sədri dövlətlər arasında əsası Ümummilli lider Heydər Əliyev və Səudiyyə Ərəbistanı Kralı Fəhd bin Əbdüləziz Al Səud tərəfindən qoyulmuş münasibətlərin iki ölkənin dövlət başçıları Prezident İlham Əliyev və Kral Salman bin Əbdüləziz Al Səudun səyləri nəticəsində daha da inkişaf etdiyini diqqətə çatdırıb.

Görüşdə Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında münasibətlərin yüksək səviyyədə olduğu vurğulanıb, iqtisadiyyat, ticarət və turizm sahələrində əlaqələrin inkişafından məmnunluq ifadə olunub, humanitar sahədə əməkdaşlığın möhkəmləndirilməsinin əhəmiyyəti qeyd edilib.

Rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında Səudiyyə Ərəbistanı tərəfini məlumatlandıran Komitə sədri azərbaycanlıların dünyanın 50-dən artıq ölkəsində yaşadıqlarını və yerli cəmiyyətlərə asanlıqla inteqrasiya etdiklərini bildirib. O, qeyd edib ki, hazırda xaricdə yaşayan həmvətənlərimiz üçün müxtəlif irimiqyaslı layihələr həyata keçirilir.

Komitə sədri Heydər Əliyev Fondunun fəaliyyəti, onun Azərbaycanda və ölkəmizin hüdudlarından kənarda həyata keçirdiyi layihələr, habelə beynəlxalq əlaqələri barədə qarşı tərəfə məlumat verib.

Görüş zamanı iki ölkə arasında əməkdaşlığın inkişaf istiqamətlərinə dair geniş fikir mübadiləsi aparılıb, konkret təkliflər irəli sürülüb.