2009-cu ildə təsis olunan “Füzuli” Futbol Klubu fəaliyyətini davam etdirmək üçün ictimaiyyətə müraciət edib.
Klubun təşkilatçı-meneceri Vüsal Hacıyevin adından “Qafqazinfo”ya daxil olan müraciətdə bildirilir ki, “Füzuli” Futbol Klubunun ayaqda durması, yaşaması və inkişafı üçün dəstəyə ehtiyac var: “Klubun adının “Füzuli” olması da təsadüfi deyil. Necə ki, bu il ölkə klubları “Qarabağ” və “Qəbələ” Avroliqanın qrup mərhələsinə vəsiqə qazanıb, Azərbaycanı çoxmilyonluq Avropaya və dünyaya tanıdır. Demək, idmanın şahı olan futbol təbliğat, tanıtım məsələsində xüsusi çəkiyə malikdir.
Nəticə etibari ilə bizlər Azərbaycan adına daha güclü ola bilərik. “Füzuli” FK-ya dəstək olmaqla həm rayonu geniş arealda tanıdarıq. Eyni zamanda, U-10, U-11, U-12, U-13, U- 14 və U-15 komandalarından qurulan və 5 nəfərlik məşqçi heyəti ilə təmsil olunan klubun inkişafına töhfə verərik. Yığılacaq vəsait uşaqların geyim təminatı, qidalanması, səfər xərcləri, xüsusi hallarda komanda üzvləri üçün müxtəlif səpgili tədbirlərin təşkili və işçilərin az da olsa, məvacibləri üçün xərclənəcək. Unutmayaq ki, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev ölkədə futbolun inkişafı üçün müxtəlif proqramların icra olunmasına öz dəstəyini nümayiş etdirir. “Füzuli” FK-nın bir illik büdcəsi üçün 6000-7000 manat maliyyə gərəkdir. Bu məbləğ elə də böyük deyil. Unutmayaq ki, bu pullar ölkəmiz, vətənimiz üçün xərclənir. Üstəlik, bizimlə əməkdaşlıq etmək istəyən şirkətlər, firmalar və müəssisələrlə onların təklifləri əsasında əməkdaşlıq etməyə hazırıq”.
Müraciət müəllifi bildirib ki, indiki mərhələdə klub aşağı yaş qruplarında çıxış edən komandalarla fəaliyyət göstərir.
Son xəbərlər
Son Xəbərlər