“Qafqazinfo” “AzərTAc”a istinadən xəbər verir ki, Nigeriya komandasının oyunçularına mükafat ödənilmədiyi üçün bu komanda cümə gününə keçən gecə nəzərdə tutulan məşqləri ləğv edib.
“F” qrupunda 4 xal toplamış Nigeriya yığması Argentina komandasından (9 xal) geri qalsa da, Bosniya və Herseqovina (3 xal) və İran (1 xal) yığmalarını geridə qoyub. Nigeriya futbolçuları iyunun 30-da 1/8 finalda Fransa komandası ilə oynayacaqlar.
2014-cü il Dünya Çempionatında Afrika komandaları ilə bağlı oxşar hadisə əvvəl də baş verib. Belə ki, Qana yığmasının futbolçuları qrup mərhələsinin üçüncü turunda Portuqaliya komandası ilə matç ərəfəsində bildiriblər ki, əgər turnirdə çıxış müqabilində onlara mükafat ödənilməsə bu matçı pozacaqlar. Nəticədə Qana hökuməti öz futbolçularına ödənilmək üçün 3 milyon dollar nağd pul göndərib.
Əvvəlcə pulun elektron vasitələrlə köçürülməsi nəzərdə tutulurdu, lakin boykot barədə hədə-qorxudan sonra vəsaitin nağd şəkildə göndərilməsi qərara alınıb. Sözügedən vəsait hələ keçən şənbə günü toplanıb, lakin pulları Braziliyaya çatdırmalı olan çarter reysi ilə bağlı problemlərlə əlaqədar ləngimə baş verib. Hökumət pulun çatdırılması üçün etibarlı reys axtarmağa məcbur olub.
Kamerun yığmasının futbolçuları isə hələ turnirdən əvvəl bütün bonusların qabaqcadan ödənilməsini tələb edib, əks halda Braziliyaya uçmayacaqlarını bildiriblər. Nəticədə Kamerun yığması mundiala əvvəlcə planlaşdırılan müddətdən bir gün gec yola düşüb.
Son xəbərlər
Son Xəbərlər