Futbolçuya 6 aylıq sınaq müddəti verildi

futbolcuya-6-ayliq-sinaq-muddeti-verildi
Oxunma sayı: 896

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. “Qafqazinfo” xəbər verir ki, yığıncaqda I divizionun XIX turunun oyunlarında baş verənlər müzakirə olunub.

Komitə MOİK – “Neftçala” matçının 82-ci dəqiqəsində qarşılaşmanın hakimi Rəvan Həmzəzadəni təhqir edən Royal Nəcəfovla bağlı qərar da qəbul edib. MOİK-in futbolçusu 4 oyun cəzalanıb və klubunu 400 manat ziyana salıb. Lakin futbolçuya verilmiş cəzanın iki oyunu şərti cəza kimi tətbiq olunacaq və ona 6 aylıq sınaq müddəti verilib. Sınaq dövründə futbolçu yenidən cəzalanacağı təqdirdə sanksiyanın dayandırılmış hissəsi avtomatik olaraq bərpa olunacaq.

Bundan başqa, “Mil-Muğan”la matçda 4 futbolçusu sarı vərəqə ilə cəzalanan “Turan Tovuz” 100 manat cəzalanıb. Qərblilər qırmızı vərəqə alıb, 1 matçlıq cəza alan Natiq Səhrətova görə də 20 manat ödəyəcək. “Şahdağ”la görüşdə qırmızı vərəqə alan Qeyrət Əliyev “Bakı”nı 200 manat ziyana salıb və 2 turluq “istirahət qazanıb”.

“Şəmkir”lə görüşdə meydandan qovulan Orxan Əsgərov aqressiv hərəkətə görə 4 oyun cəzalanmaqla yanaşı, “Göyəzən”in 400 manat cərimələnməsinə də səbəb olub.