Füzuli Aqroparkında pivotların montaj işlərinə start verilib

fuzuli-aqroparkinda-pivotlarin-montaj-islerine-start-verilib
Oxunma sayı: 772

Prezident İlham Əliyevin verdiyi göstəriş və tapşırıqlarına uyğun olaraq Füzuli rayonu ərazisində də Aqroparkın yaradılmasına start verilib.

"Qafqazinfo"ya daxil olan məlumata görə, bu məqsədlə rayonun inzibati ərazisinə aid olan  əvvəllər kortəbii şəkildə istifadə olunan dövlət qış otlaq fondu torpaqlarından 2700 ha torpaq sahəsinin kateqoriyasının dəyişdirilərək Aqroparkın istifadəsinə verlmişdir. Hazırda  2700 hektar ərazini əhatə edəcək aqroparkda 11 ədəd müasir pivot sistemi gətirilmiş, infrastrukturun yaradılmasına, pivotların montaj işlərinə başlanılmışdır. Aqroparkın ərazisində birinci mərhələdə 1000 hektar sahə istifadəyə veriləcək ki, burada ölkəmizin strateji maraqlarına uyğun olaraq soya, qarğıdalı, taxıl, pambıq və digər bitkilər becəriləcək. Aqroparkın ərazisində, həmçinin 1000 başlıq müasir intensiv südlük istiqamətli heyvandarlıq kompleksi də yaradılacaq. Aqroparkın su təminatı Yuxarı Mil kanalı vasitəsilə həyata keçiriləcək. “Füzuli Aqropark”ın yaradılması layihəsinin icrasında İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun vasitəsilə dövlətin güzəştli kreditlərindən istifadə olunacaq.

Aqroparkın yaradılması, eyni zamanda, məcburi köçkün ailələrin iş təminatı ilə bağlı sosialyönümlü bir layihədir. Belə ki, aqroparkın istifadəyə verilməsi ilə rayon ərazisində xüsusilə Qayıdış qəsəbələrində yaşayan yüzlərlə məcburi köçkün işlə təmin olunacaq. Layihənin birinci hissəsinin bu il, bütövlükdə isə 2018-ci ildə başa çatdırılması nəzərdə tutulur.