Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev tədbiri açaraq milli təhlükəsizlik orqanı əməkdaşlarını peşə bayramları münasibətilə təbrik edib. Alı Alıyev qeyd edib ki, ölkəmizin müstəqilliyinin əleyhinə yönəldilmiş qəsdlərin qarşısının alınmasında milli təhlükəsizlik orqanları daim yüksək sayıqlıq və peşəkarlıq göstəriblər.
Milli Təhlükəsizlik Nazirliyi Füzuli rayon şöbəsinin rəisi Əli İsgəndərov tədbirdə məruzə ilə çıxış edib. O, milli təhlükəsizlik orqanlarının apardığı əməliyyat tədbirləri nəticəsində ölkəmizə və milli mənafemizə qarşı kəşfiyyat-pozuculuq və terror-təxribat fəaliyyətlərinin aşkarlanması istiqamətində görülən səmərəli işlərdən danışıb, təhlükəsizlik orqanlarının keyfiyyətcə yeni mərhələyə qədəm qoyması, nazirliyin maddi-texniki bazasının daha da möhkəmləndirilməsi, əməkdaşların xidməti iş şəraiti və sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirləri vurğulanıb.
Digər çıxış edənlər də dövlətçiliyimizin, milli maraqlarımızın etibarlı şəkildə qorunmasında milli təhlükəsizlik orqanlarının mühüm rolunu qeyd ediblər.
Tədbirdə xidmətdə fərqlənən bir qrup əməkdaşa Füzuli rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları, qiymətli hədiyyələr təqdim olunub.
Sonda Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaradılmasının 95 illiyinə həsr olunmuş film nümayiş etdirilib.