Füzuli RİH-nin şöbə müdiri niyə işdən çıxarılıb?

fuzuli-rih-nin-sobe-mudiri-niye-isden-cixarilib
Oxunma sayı: 3470

Ötən gün mətbuatda Füzuli Rayon İcra Hakimiyyətinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Bayram Niftəliyevin vəzifəsindən azad olunması barədə məlumat yayılıb. Onun işğaldan azad edilmiş ərazilərə müvafiq icazə olmadan keçdiyi üçün işdən çıxarıldığı iddia olunurdu.

“Qafqazinfo” xəbər verir ki, Bayram Niftəliyev feysbuk hesabında işdən çıxmasının bu səbəblə əlaqəli olmadığını açıqlayıb: “Saytlarda yazılana görə, işğaldan azad olunmuş ərazilərə müvafiq icazə olmadan, qanunsuz səfər etdiyimə görə işdən azad olunmuşam. Ancaq həqiqət isə tamam başqadır. Məni tanıyanlar bilirlər ki, torpaqlarımız işğaldan azad edildikdən sonra mütəmadi olaraq Füzuli rayonuna səfərlər etmişəm. Oraya səfər etmiş yüksək rütbəli dövlət və hökumət nümayəndələrini, beynəlxalq təşkilatların rəsmilərini, yerli və xarici kütləvi informasiya vasitələrinin əməkdaşlarını rayondan olan rəsmi şəxs kimi müşayiət etmişəm. Füzuli rayonuna rəsmi səviyyədə dəfəllərlə səfərlər etmiş birinin həmin yerlərə qanunsuz, gizli getməsi tamamilə absurddur. Görünür mənimlə bağlı cəza verənin ədalət tərəzisi əyilib”.

Qeyd edək ki, mətbuatda B. Niftəliyevlə yanaşı Füzuli RİH-nin Hüquq şöbəsinin müdiri Əliyev Qənimət Eldar oğlunun da işğaldan azad edilmiş ərazilərə müvafiq icazə olmadan qanunsuz keçdiyi üçün vəzifəsindən azad olunması barədə məlumat yayılıb.