Füzuli rayonunda əkinçiliklə məşğul olan Fazil Xəlilov son 1 ildə torpaq sahələrinin susuz qaldığını bildirib.
“Qafqazinfo”ya müraciət edən F.Xəlilov deyib ki, 1985-ci ildən bu sahədə sahibkarlıqla məşğuldur: “Bu illər ərzində mən daim sudan normal istifadə etmişəm. Bir neçə il əvvəl “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin Füzuli rayon şöbəsinin rəisi Əhməd Əsgərov vəzifəyə təyin edildikdən sonra yava-yavaş suyu kəsməyə başladı. Bir ildir ki, ümumiyyətlə mənə əkin sahələrimi suvarmaq üçün su vermir. Dəfələrlə müraciət etmişəm, deyir ki, sənə su düşmür, siyahıda adın yoxdur. Mən ötən il 8 hektar pambıq əkdim, cəmi 2 dəfə su verildi, hər hektardan 20 sentner pambıq yığıldı. Bu il də 80 hektar taxıl əkmişəm, ində yenə də pambıq əkmək istəyirəm, amma su verilmir. Hər il 700-800 ton taxıl istehsal edirdim, bu il əkin sahələrimə bir dəfə də su verə bilməmişəm”.
“Meliorasiya və Su Təsərrüfatı” ASC-nin aparat rəhbərinin müavini Cahangir Mustafayev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, məsələni araşdıracaqlar: “Əgər belə bir problem varsa, dərhal həll ediləcək və həmin şəxs su ilə təmin olunacaq”.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər