Prezident İlham Əliyevin iştirakı ilə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransdan irəli gələn məsələlər Horadiz şəhərində Milli Məclis sədrinin müavini, Füzuli rayonundan millət vəkili Bahar Muradovanın iştirakı ilə rayonun iş adamları, sahibkarlar, fermerlər və ictimaiyyət nümayəndələri ilə birlikdə keçirilən müşavirədə geniş müzakirə olunub.
"Qafqazinfo"ya daxil olan məlumata görə, tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev görülən işlər və qarşıda duran vəzifələrdən danışıb. Bildirib ki, Füzuli rayonunda yerli əhalinin kənd təsərrüfatı məhsulları ilə təminatı üçün lazımi şərait var. Münbit torpaqlar və suvarma suyu ilə təminat onu deməyə əsas verir ki, rayon əhalisinin ərzaq məhsullarına olan tələbatı yerli istehsal hesabına ödənilə bilər. Odur ki, bütün qüvvələr bu istiqamətdə səfərbər edilməli, kənd təsərrüfatı məhsullarının istehsalı artırılmalıdır.
Millət vəkili Bahar Muradova çıxış edib, dünyada baş verən iqtisadi böhranın Azərbaycana təsiri imkanlarından danışıb, böhranın ölkəmizə təsirinin azaldılması ilə əlaqədar dövlət tərəfindən həyata keçirilən tədbirlərdən bəhs edib. Bahar Muradova prezidentin tapşırığı ilə bölgələrdə keçirilən görüşlərin əsas məqsədinin problemləri öyrənib həllinə nail olmaq olduğunu bildirib.
Sonda görüşdə səsləndirilən əsas təkliflər ümumişləşdirilərək onların həll olunması üçün baş nazirə rəsmi müraciət olunub.
Son xəbərlər
Son Xəbərlər