Novruz bayramı münasibətilə Hordiz şəhəri Olimpiya İdman Kompleksində ümumrayon şənliyi keçirilib.
“Qafqazinfo” xəbər verir ki, bayram şənliyində Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Milli Məclis Sədrinin müavini, füzuli rayonundan millət vəkili Bahar Muradova və rayonun idarə, müəssisə, təşkilatları, hüquq-mühafizə orqanlarının rəhbərləri, bələdiyyə sədrləri, ictimaiyyət nümayəndələr iştirak ediblər.
Alı Alıyev və Bahar Muradova əvvəlcə Novruza aid adət-ənənələri özündə əks etdirən sərgiyə baxıblar. Milli adət-ənənələrimizə uyğun olaraq meydanda yun daranıb, nehrə çalxalanıb, sacda yuxa bişirilib.
Alı Alıyev Novruz bayramı münasibəti ilə rayon sakinlərini təbrik edib, bol ruzi-bərəkət və əmin-amanlıq arzulayıb: “Novruz xalqımızın mədəniyyətini, milli-mənəvi dəyərlərini özündə əks etdirən, dünyaya tanıtdıran qədım el bayramıdır. Xalqımızın mənəvi dünyasını, milli düşüncə tərzini, azərbaycançılıq məfkurəsini, qədim mifik görüşlərini, folklorunu, milli varlığını Novruz qədər bütün zənginliyi ilə özündə ifadə edən ikinci bir bayram təsəvvür etmək çətindir. Bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü olan Novruz bayramı artıq 10 ildir ki, YUNESKO tərəfindən beynəlxalq səviyyədə qeyd edilir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2009-cu ilin sentyabrında Novruz bayramı YUNESKO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir.”
Milli Məclis Sədrinin müavini Bahar Muradova da çıxış edib, tədbir iştirakçılarını bayram münasibəti ilə təbrik edib.
Sonra Novruzun qəhrəmanları olan Kosa və keçəl, rayon Uşaq Yaradıcılıq Mərkəzinin şagirdləri tonqal ətrafında yallı gediblər.
Son xəbərlər
Son Xəbərlər