Füzulidə süni qiymət artımına nəzarətlə bağlı müşavirə keçirildi - Fotolar

fuzulide-suni-qiymet-artimina-nezaretle-bagli-musavire-kecirildi
Oxunma sayı: 1555

Horadiz şəhəri Heydər Əliyev Mərkəzində rayon ərazisində süni qiymət artımına qarşı nəzarət tədbirlərinin gücləndirilməsi, istehlak bazarına nəzarətin artırılmasına həsr olunan müşavirə keçirilib.

“Qafqazinfo” xəbər verir ki, müşavirədə Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların nümayəndələri, icra nümayəndələri, bələdiyyə sədrləri, iş adamları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Müşavirə başlamazdan əvvəl torpaqlarımızın müdafiəsi və ərazi bütövlüyümüz uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi yad edilib.

Müşavirədə çıxış edən Alı Alıyev COVID-19 pandemiyası ilə əlaqədar ölkələr arasında sərhədlərin bağlanması, Rusiya və Ukrayna arasında baş verən müharibə, o cümlədən dünyada baş verən iqtisadi proseslərin Azərbaycandan da yan keçmədiyini, idxal-ixrac əməliyyatlarında yaranan problemlərin ölkəyə xaricdən idxal olunan bəzi ərzaq və digər məhsulların qiymətlərinin artmasına təsir etdiyini bildirib.

İcra başçısı qeyd edib ki, Füzulidə süni qiymət artımının qarşısının alınması məqsədi ilə Rayon İcra Hakimiyyəti aiddiyyati qurumların nümayəndələri ilə birgə istehlak bazarına daim nəzarət edir, qiymətlərin süni şişirdilməsi, süni mal qıtlığı, qiymətlərdə manipulyasiya hallarına yol verilməməsi və digər sui-istifadə hallarının qarşısının alınması üçün bu sahəyə ciddi nəzarət edilir.

Alı Alıyev rayonda istehlak bazarında süni qiymət artımı, süni mal qıtlığı və digər sui-istifadə hallarına yol verən istehsalçılar, idxalçılar və ticarət obyektlərinin sahiblərinə xəbərdarlıq edərək bildirib ki, yuxarıda göstərilən qanunsuzluqlara yol verənlər barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada ciddi tədbirlər görüləcək.

O, vətəndaşlara süni qiymət artımı ilə bağlı vətəndaşlıq mövqeyindən çıxış edərək ictimai nəzarət qaydasında Rayon İcra Hakimiyyətində yaradılmış “qaynar xətt”ə və aidiyyəti qurumlara məlumat vermələrini xahiş edib.