Füzulidən Şuşaya yolu bu şirkətlər çəkir

fuzuliden-susaya-yolu-bu-sirketler-cekir
Oxunma sayı: 5146

“İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mülkiyyətində olan 2661 km uzunluğunda avtomobil yolu və 90 ədəd körpü də var. Uzun illər baxımsız vəziyyətdə olan bu avtomobil yolları və körpülərin hamısı yaxın illərdə dövlətimiz tərəfindən tərtib edilən sosial-iqtisadi inkişaf proqramlarına uyğun olaraq  yenidən tikiləcək və bərpa olunacaq”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “2020-ci ildə yerinə yetirilmiş işlər və qarşıda duran vəzifələr”ə həsr olunmuş brifinqdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə heyətinin sədri Saleh Məmmədov bildirib.

O qeyd edib ki, dövlət başçısının tapşırığına uyğun olaraq Tərtər-Çaylı-Suqovuşan-Talış avtomobil yolunun, Goranboy rayonunun Tap Qaraqoyunlu və Naftalan rayonunun Qaraqaşlı sanatoriyasından keçməklə Naftalan şəhərinədək davam etdirilməsi, beləliklə Tərtər rayonu ilə Goranboy və Naftalan rayonları arasında alternativ yeni bir avtomobil yol bağlantısının yaradılması işləri də uğurla davam etdirilir: “Prezidentin Şuşaya Füzuli rayonu ərazisindən yeni birinci dərəcəli avtomobil yolunun çəkilməsi tapşırığı olub və  Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 16-da işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında olarkən Füzuli rayonundan Şuşa şəhərinə yol çəkilişinin təməli qoyulub. Həmin avtomobil yolunun inşası “7 № -li Magistral Yol İistismarı” MMC, “16 № -li Xüsusi Təyinatlı Yol İstismarı” MMC, “AzVİRT” MMC və Türkiyənin 2 şirkəti - “Kolin İnşaat Sanayi Turizm ve Ticaret A.Ş” və “Özgun Yapı Senaye ve Ticaret AŞ” şirkətləri tərəfindən davam etdirilir”.

Gülnar Əliyeva