GAİM 1000 aztəminatlı ailəyə dəstək göstərib

gaim-1000-azteminatli-aileye-destek-gosterib
Oxunma sayı: 993

Dünyanı bürüyən COVID-19 pandemiyası bütün ölkələr, o cümlədən vətəndaş cəmiyyətləri üçün sınaq mərhələsi oldu. Hazırda ayrı-ayrı qeyri-hökumət təşkilatları koronavirus pandemiyası çərçivəsində sosial təcrid dönəmində aztəminatlı və həssas əhali qruplarına dayaq olmaq məqsədilə müxtəlif xeyriyyə aksiyaları həyata keçirirlər.

“Qafqazinfo” xəbər verir ki, son bir ay ərzində ardıcıl və sistemli şəkildə aztəminatlı ailələrə yardım kampaniyasını həyata keçirən təşkilatlardan biri də Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzidir.

Ümumdünya Səhiyyə Təşkilatının tövsiyyələrinə əsasən, Gürcüstanda fövqəladə vəziyyət elan olunduqdan sonra martın 23-dən etibarən ölkənin ərazisində ilk dəfə yalnız Marneuli və Bolnisi bölgəsində ciddi karantin rejimi tətbiq edilib.

GAİM yaranmış mövcud vəziyyətdə ölkənin Marneuli (250 ailə), Bolnisi (150 ailə), Telavi (100 ailə), Saqareco (100 ailə), Laqodexi (100 ailə), Dmanisi (100 ailə), Qardabani rayonlarında (100 ailə), Rustavi şəhərində (100 ailə) yaşayan və müvəqqəti çətinliklə üzləşmiş aztəminatlı ailələrə yardım göstərib.

Dəstək aksiyalarının keçirilməsi ilə bağlı rəsmi məktublarla Marneuli, Bolnisi, Telavi, Saqareco Laqodexi, Rustavi, Qardabani və Dmanisi merlərinə müraciət olunub. Daha sonra hər ərzaq paketinə un, düyü, makaron, vermişel, qarabaşaq, şəkər tozu, qənd, günəbaxan yağı, duz və çay daxil olan bağlamalar ünvanlarına çatdırılması üçün həmin meriyaların nümayəndələrinə təhvil verilib.

Xatırladaq ki, GAİM 2019-cu il aprelin 3-dən Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyilə fəaliyyətə başlayıb.