Gecəki külək 5 ağacı aşırıb

geceki-kulek-5-agaci-asirib
Oxunma sayı: 1154

Bakıda gecə davam edən güclü külək 5 ağacı aşırıb. Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, paytaxtın müxtəlif rayonlarında safora, tut, şərq çinarı və göynüş ağacı sınaraq aşıb:

"Bəzi ağacların yerdən bir metr yuxarıdan gövdəsi sınıb. Avtomobillərə və ya tikililərə ziyan dəyməyib, xəsarət alan yoxdur. Həmin ağaclar ərazidən götürülüb. İdarə gücləndirilmiş iş rejimdə çalışır. Güclü külək nəticəsində əyilərək qəzalı vəziyyətə düşən ağaclar qeydiyyata alınıb, təhlükənin aradan qaldırılması üçün işlər görülür. Sürücülərdən xahiş edirik ki, avtomobillərini hündür və irigövdəli ağacların altında park etməsinlər. Həmçinin sakinlərdən ehtiyatlı olmaları xahiş olunur, küləkli hava şəraiti ilə əlaqədar ağacların altından keçərkən diqqətli olmaları tövsiyə olunur. Hazırda da güclü külək müşahidə olunur. Bu aylarda ağaclar yarpaqladığı üçün gövdəyə və budaqlara düşən ağırlıq artdığına görə ağacların aşması ehtimalı da çoxalır. Vətəndaşlardan xahiş olunur ki, aşan və ya qəzalı vəziyyətdə olan ağaclarla bağlı 012 570 73 30 nömrəli qaynar xəttə zəng edərək məlumat versinlər". 

Murad Əhməd