Gecəki yanğında 2 avtomobil yararsız hala düşüb - Video

geceki-yanginda-2-avtomobil-yararsiz-hala-dusub
Oxunma sayı: 1886

Xəbər verdiyimiz kimi, gecə saatlarında Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva və R.Rza küçələrinin kəsişməsində yerləşən obyektdə yanğın baş verib.

Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub.

Havanın güclü küləkli olmasına baxmayaraq, yanğınsöndürənlərin hadisəyə operativ müdaxiləsi və peşəkarlıqları sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

FHN-dən “Qafqazinfo”ya bildirilib ki, yanğın nəticəsində tikinti meydançasının ərazisində hər birinin sahəsi 15kv.m olan dəmir konstruksiyalardan ibarət 2 ədəd gözətçi konteynerinin taxta üzlüyü və içərisində olan əşyalar, 100kv.m. sahəyə yığılmış tikinti materialları, 1 ədəd ağac və yaxınlıqda dayanmış vətəndaşlara məxsus “Mercedes-200” və “Nissan Pathfinder” markalı minik avtomobillərinin yanar hissələri yanıb.

Ərazidə olan digər tikinti materialları, yaxınlıqda dayanmış avtomobillər və yaxınlıqdan keçən diametri 159 mm olan qaz xətti yanğından mühafizə olunub.