Gəl ey səhər

gel-ey-seher
Oxunma sayı: 2174


Bir xalqı fəth etmənin və kölələşdirmənin iki yolu var:

Bir- qılıncla, iki- borcla. ( John Adams)

 Yəqin ki, hamınız taa uşaqlıqdan mütləq ya “gündəlik” yazmısız, ya  da yazmağı düşünə-düşünə böyümüsüz. Yox əgər, yerli-dibli belə bir dəftəriniz olmayıbsa təssüflənməyiniz məsləhətdi.

  Mənim də zaman-zaman belə dəftərlərim olub ki, bir müddət yazmışam, sonra nəsə “ara qarışıb dəftərlərim itib”  İtirilmiş əşyaları yenidən tapmaq da ayrı bir duyğudu... (hələ-hələ içində yaşanmışlıq varsa) Nəsə...Omür-günümüzü arasına yazıb  itirdiyimiz dəftərləri qoyaq bir kənara...

 Son vaxtlar mən də çoxları kimi yazarlıq sindromundan əziyyət çəkirəm. Kimnən əskiyəm ki?! Allahın Elzasının da (Seyidcahan) şeir yazdığı bir dövrdə nə var kitab yazmağa?!

 “Ulduz” filmindəki “Möhsünün dəftər”inə oxşar bir dəftərim var.  İndi allah qoymasa qeyd dəftəri götürüb yaşadıqlarımdan  gördüklərimdən oxuduqlarımdan- bir sözlə, bəzi  müşahidələrimi o gözəlim dəftərimə qeyd edirəm ki, kitab yazanda istifdə edəm. Məlumatınız olsun deyə deyim ki, yaxın 20 ildə (devrimdən sonra) kitabımın nəşri gözlənilir.

  Olur ki, günlərlə o dəftər mürəkkəbə həsrət qalır. Elə gün də olur ki, yaz-yaz bitmək bilmir. Nə vaxtsa yazılacaq romanımdan halallıq alıb o bərəkətli günlərdən birini bu köşədə xərcləmək istəyirəm.

 Deməli, hamınız kimi mən də səhər-gözümü açar-açmaz,ağzım qoxa-qoxa cumuram andıra qalmış “facebooka” Guya mərak edirəm, gecə mən yatandan sonra burda  kim necə darıxıb, kim neçə dəfə əsnəyib, kim neçə siqaret çəkib, kim kimin paylaşdığı şəkillərin altında arqazm olub, kim necə sabunlanıb? və sairə...və sairə....və sairə...

Gözlərimi ovuşdura-ovuşdura bir paylaşımdakı xəbər başlığına baxıram:

“19 yaşında zorlanan qız özünü yandırıb”  Məni bu tüstüləyən xəbərin yox, bu başlıqlı xəbərə,  özünə şairə deyən görkəm(li) bir bacımızın şərhdə püskürdüyü nifrətin alovu yandırır. “Qızı zorlamırlar, sadəcə uralayırlar. Oküz qaş-qaş eləməsə buğa göz-göz eləməz”

İlahi, bir xanımın həmcinsinə qarşı nifrətindəki fitri istedada bax! Heyrət!!  Bu p(n)oetik şərhlə başlanan gündən əlimi üzüb ordaca bu “qara qutu”nu (fb) bağlayıram. .”You-tube”ni açıb oankı  ruh halıma uyqun bir mahnı seçirəm. “Gəl ey səhər”

Evdən çıxıb işə tələsirəm. Yol boyu dilimlə-dodağımın altında “Gəl çıx ey səhər”i mızıldansam da hələ də fikrim ilişib qalıb  o qızın bədbəxliyində. Yox, zorlanan qızı demirəm, onun facisəi  elə bu “şairə” təfəkkürlü cəmiyyətimizin bədbəxtçiliyinə bərabərdi.  Sadəcə bir qadının həmcinsinə olan bu şüuraltı  öfkəsinin səbəblərini anlamağa çalışıram. Birdən avtobusda qopan hay-həşir məni bu Freydist düşüncələrimdən ayırır... Dayanacaqda  düşmək istəyən sərnişin intellektuallığına salıb plastik ödəmə kartı ilə yolpulunu ödəmək istəyib. Kişinin oğlu yəqin Aztv-yə çox baxır, dedim. Nəqliyyatı intellektual idarəetmə kimi xəbərlər filan...  Kartını validatora uzatmaqla sürücünün bunun üstünə atılmağı bir oldu. Adama deyərlər: (necə ki, də dedilər) ”Ay başına dönüm, bu toplum hara,intellektuallıq hara? Qəpiyini at ora, düş başını sal aşağı get. Budu, marşrutdakı  digər sərnişinlər də sürücüyə qoşulub adamı bir daş-qalaq etmədikləri qaldı. “Hoqqabazlıq etmə, düş get, işə gecikdik, demoqoq oğlu demoqoq” və.s Bu  ibtidai şüurlu  insan sürüsünün arasında intellketualıq eşqinə düşməyin nəticəsi başqa cür  ola  da bilməzdi. Sürücününsə dərdi başqaydı...

 Ki bəs, “biz gündəlik hesabat veririk, ay ora vurduğun pulun faizi belə gəldi, elə getdi...”

İntellektual qardaş da “qanun” deyib dirəşib ey...

 Qardaş  telefonunu çıxarıb  həm sürücüsündən faiz alan, həm də avtobusa formalni  aparat quraşdıraraq vətəndaşları (sürücü və sərnişinləri )üz-üzə qoyub bütün günü onları  didişdirən nəqliyyat nazirliyinin qaynar xəttinə  zəng vuranda  artıq analdım ki, məsələ uzanır və burda oturmağın yeri yoxdu. Ehmlaca düşüb “səhəri” səsləyə-səsləyə yoluma davam etdim.

 Gəlib çıxdım kafeyə. Nəsə personal ortada görünmürdü. Bir azdan 30 yaşlı, bir körpə uşaqla həyatın ortasında təkbaşına yaşam mücadiləsi verən ofisiant qızımızın  sözlü-sözlü ora-bura fırlandığını görürəm. Hal -əhvlal tutmaq istədim. Himə bəndmiş elə bil. Əllərini ovuşdura-ovuşdura dedi:

- Banka kredit borcum var. Bu gün vaxtıdı. Xahiş etsəm bir az pul versəniz, aparıb ödəməmi etsəm, , Zəhramın canı... maaşımdan artıqlaması ilə çıxarsız...

Burdan keçirəm mətbəxə. Xadimə qadının hardasa var 50-55 yaşı. Şəkilidi. Yenə hər günkü qayğılı baxışlar... Salamlaşırıq. Asta səslə deyir:

-Sona xanım, bura gəlib-gedən müştərilər qəzetdəndilər deyəsən. “Ha sizin başouza dönüm” qızımı yoldaşı  iki uşaqla qoyub gedib bir ləçərlə evlənib. Mən də o  tifillər ac qalamsın deyə bu yaşda  gəlib burda qab yuyuram. Qızım da mənim kimi... O da başqa kafedə işləyir. Şəkinin İcra Hakimiyyətinin, Şəhər Məhkəməsinin, Polis Şöbəsinin yollarında əsir-yesir olmuşuq. Aliment istəyirik.  Deyirlər: - “O qanına bələnmiş bir əppəy olub uçub göyə, tapammırıq. Gedin kişini tapıb gətirin, biz aliment kəsək”

 “Biz də kredit götürüb bir torpaq almışıq. Deyirəm heç olmasa aliment verər,o pulla bir kərpici-kərpic üstə qoyarıq. Kirayə evlərdə abrımız gedir.

Ya sən, ya o qəzetçi yoldaşların o məhkəməylə maraqlanıb bizim tifillərin pulunu almağa kömək edə bilərsiz?”

  Təsəlli üçün xalanın əllərini tuturam...  Dönüb gözümə dəyməyən aşbazı soruşuram. Xala suçlu-suçlu üzümə baxıb, salonda olduğunu deyir.

Budu, özü də gəlib çıxır, əli- dili duzlu sevimli aşbazımız. Ama yerişi dəyişib elə bil. Aşa-aşa gəlir. O da əslən şəkilidi. Yaxınlaşan kimi əlimi tutub buraxmır. “Sona xaam, büyünnərim məni bağışlayın, içmişəm,ama narahat olmayın, işi necə lazımdı yola verəcəm. Siz allah, bağışlayın, ama içməsəm ürəyim parttayacaqdı”

Ortayaşlı  aşbazın arvadı yenicə əməliyyat olunmuşdu. Onun üçün “kreditə girmişdi” biliridm. Nə vaxt baxsan telefonda dost-tanışdan  borc istəyirdi. Neçə gündü  də icazə alıb işdən tez çıxırdı. “Gedib pul tapım” deyirdi.

Bu günkü halından başa düşdüm ki,  pul tapammayıb. Çıxış yolunu da içməkdə tapıb.

 Tamam piyan olduğunu görüb bir təhər evə yola saldıq. Təzəcə “özümə gəlim” deyirdim ki, mediadan gənc dostlar gəldi. Bir çay sifarişi ardınca da  işdən çıxarılmaları ilə bağlı qara xəbəri verməzlərmi?!  Biri fotoaparat alıb işləmək üçün, biri təhsil haqqını vermək üçün, biri film çəkmək üçün... hamısının banklara kredit borcu olduğunu bildiyimdən day onlara yaxınlaşmadım. Artıq adamların bu yükünün altında ürəyim təngişirdi.

 Neçə vaxtdı bu qara dəftərimə qeyd etdiyim “o gün” haqda yazmaq istəyirdim. “Banklar  kredit virusu yayır” başlıqlı. Nəsə mövzü ertələnirdi içimdə. Ta ki, dünən Soma-dakı mədən faciəsindən yaralı çıxan bir soydaşımız NTV- telekanalına içəridə yaşananlardan danışdığı zaman “Mədənə təkrar enəcəksən?”sualına “Girməliyəm, banka kredit borcum var” deyənə kimi...