“Gəldim ki, hər şeyi öz gözlərimlə görüm” - Rövnəq Abdullayev

geldim-ki-her-seyi-oz-gozlerimle-gorum
Oxunma sayı: 5730

Bu gün SOCAR-ın prezidenti Rövnəq Abdullayev və şirkətin rəhbərliyinin nümayəndələri əməkdaşların iş və məişət şəraiti ilə, koronavirus pandemiyasının yarada biləcəyi təhlükənin qarşısını almaq məqsədilə həyata keçirilən profilaktik tədbirlərlə yerində tanış olmaq məqsədilə Neft Daşlarına səfər edib.

"Qafqazinfo" xəbər verir ki, şirkətin prezidenti neft və qazçıxarma idarələrinin (NQÇİ) rəhbər şəxslərinin məruzəsini dinləyib.

“Əslində mən gündə bir neçə dəfə dəniz obyektlərimizdən məlumat alıram. Nə qədər məlumatlı olsam da və hər şeyin yaxşı olduğuna inansam da, vəziyyətlə şəxsən tanış olmaq üçün bu gün sizinlə görüşmək istədim. Gəldim ki, hər şeyi yerində, öz gözlərimlə görüm və bir daha əmin olum ki, uzadılmış növbə rejimində işçilər üçün hər cür şərait yaradılıb. Mən uzadılmış növbə rejiminin nə qədər çətin olduğunu bilirəm. Xüsusilə özüllərdə 15 gündən çox qalmaq çox çətindir. Amma təşəbbüsün sizin tərəfdən gəlməsi çox təqdirəlayiqdir. Sizin bu təşəbbüsünüz alqışlanmalıdır. Gündə 400 işçi dəniz obyektlərinə işə gətirilir. Karantin keçməmiş və virusa yoluxmuş bir nəfər də çox böyük risk idi. Amma indi biz artıq bütün hazırlıqları gördük və aprelin 10-dan başlayaraq növbələr tədricən dəyişiləcək. Sizə bu fədakarlığınıza görə təşşəkür edirəm. Bu gün ön cəbhədə olan həkimlərimiz, polislərimiz, əsgərlərimiz kimi siz neftçilər də çox mühüm və həyati əhəmiyyətli fəaliyyətinizlə qəhrəmanlıq nümunəsi göstərirsiniz. İnanıram ki, Azərbaycan Prezidentinin rəhbərliyi ilə xalqımız tez bir zamanda pandemiya təhlükəsini dəf edəcək və birliyimiz, həmrəyliyimiz sayəsində çətinliklərə qalib gələcək. Neftçilərimiz onlara bəslənən etimadı həmişə olduğu kimi öz işləri ilə doğruldacaq, bu sınaqdan da alnıaçıq-üzüağ çıxacaqlar”, - deyə R.Abdullayev bildirib.

SOCAR-ın prezidenti Neft Daşlarında istehsalat sahələrinə baxış keçirib, neftçilərin güzəranı və məişət şəraiti ilə yaxından tanış olub.