Gələn gedənin ölənlərinə rəhmət oxutdurur

gelen-gedenin-olenlerine-rehmet-oxutdurur
Oxunma sayı: 1676


Tağı Əhmədov yaxşı rəhbər deyildi. Əgər o, vəzifəsinin məsuliyyətini dərk etsəydi, jurnalistlərlə danışanda sözlərinə sərhəd qoyardı. Ağzına gələni danışdığı üçün qələm əhli Tağı müəllimi sevmirdi. Biz Tağı Əhmədovu tez-tez tənqid edirdik. Bu adama bəzən elə öz üslubunda cavab verirdik. Jurnalist etikasına zidd olsa da...

Tağı Əhmədov metro stansiyalarında bazar açmışdı. Yekəboyun satıcılar gəlib-gedənə söz atır, özlərini çox səviyyəsiz aparırdılar. Sərnişinlər giriş qapılarından içəri daxil olana kimi xeyli tər tökürdülər. Nə qədər yazıb-pozsaq da, bir xeyiri olmurdu. Çünki Tağı müəllim Bakı Metropoliteninə şəxsi obyekti kimi baxırdı.

Tağı Əhmədov bir neçə ay əvvəl işdən çıxarılsa da, Bakı Metropoliteninin fəaliyyətində müsbət dəyişiklik baş verməyib. Metro ərazilərini zəbt edən ticarətçilər ordan qovulsalar da, bu, Zaur Hüseynovun yaxşı rəhbər olduğunu söyləməyə əsas vermir. Əksinə, Zaur Hüseynov gələndən sonra sərnişinlər Tağı Əhmədovun ölənlərinə rəhmət oxumağa başlayıblar. Azərbaycan məmurunun klassik idarəçilik metodu dəyişməz olaraq qalır: gələn gedənin ölənlərinə rəhmət oxutdurur.

Əvvəllər Bakıda metro ən sürətli nəqliyyat növü sayılırdı. İnsanlar bir yerə tələsəndə tərəddüd etmədən metroya enər, tıxaca düşmədən mənzil başına çatardılar. Zaur Hüseynov Bakı Metropoliteninin rəisi təyin olunandan sonra bu anlayış ortadan qalxmağa başlayıb. Zaur müəllimin fərsiz maşinistləri əsəblərimizi sıradan çıxarmaqda israrlıdırlar...

Son vaxtlar qatarların hərəkət trayektoriyasında nəzərəçarpan gecikmələr müşahidə olunur. Hələlik heç kim bunun səbəbini açıqlamaq istəmir. Yerin üstündəki tıxaclardan canını qurtarmaq istəyənlər yerin altında da eyni əzaba qatlaşmalı olurlar. Vəziyyət dözülməz həddə çatıb. Dünən metronun “Gənclik” stansiyasından “Nəriman Nərimanov” stansiyasına qədər olan məsafəni 10 dəqiqəyə qət etdik. Halbuki bir az qıvraq adam bu yolu 10 dəqiqəyə piyada da qət edə bilər. Sonrakı stansiyalarda da problem aradan qalxmadı. Nəticədə biz yarım saat ərzində cəmi 3 stansiya irəliləyə bildik. Qatarda maraqlı vəziyyət yaranmışdı. Cavan bir oğlan dostunu inandırmaq istəyirdi ki, onu aldatmır, həqiqətən metroda qalıb. Gənc bir qız isə görüş yerinə gecikdiyi üçün sevgilisindən onu bağışlamağı xahiş edirdi. Qoca bir kişinin isə halı xarab olmuşdu. Bir sözlə, hamı vəziyyətdən şikayətçi idi. Hətta ən təmkinli adamlar da dodaqlarının altında nəsə pıçıldayırdılar. Onların Metropoliten rəhbərliyini söydüklərinə zərrə qədər də şübhəm yox idi.

P.S.Dünən axşam işdən evə qayıdanda tıxaca düşdüm. Amma nəqliyyat naziri Ziya Məmmədovun əleyhinə nəsə yazmağı ağlımın ucundan da keçirmədim. Nə vaxtsa Ziya Məmmədovu əvəzləyəcək adamın da hazırkı Metropoliten “şef”i Zaur Hüseynov kimi öz sələfinin ölənlərinə rəhmət oxutmayacağına kim təminat verə bilər?..