Gəlinlikdə gedib, kəfəndə çıxmaq... -

gelinlikde-gedib-kefende-cixmaq-
Oxunma sayı: 785


Elə gözəl görünürdü ki, Yeganə ağ gəlinlikdə. Paltarı zəncirotuydu elə bil. Ağappaq, zərif...

Zabitəli, hamının ehtiram bəslədiyi, çoxunun çəkindiyi Həsən müəllim sonbeşiyi Yeganəni adətə uyğun olaraq çırağın başına dolandırdı. Xeyir-dua verdi. Xoş arzularını bildirdi qızına. “Ora gəlinlikdə gedirsən, kəfəndə də çıxmalısan”,- dedi sonra. İki damla yaş axdı gözlərindən beqəfil.

Vağzalı çalındı. Getdi Yeganə. Elə bil meh əsdi, zəncirotunun zərif tellərini qoparıb apardı...

***

Eşidirdik ki, günü xoş deyil Yeganənin. Qayınanası yola vermirdi. Əri döyürdü. Tez-tez küsülü gəlirdi atası evinə. Atası “elin töhməti”ni nəzərə alıb qızını göndərirdi ər evinə. İstəmirdi dağılsın ailəsi. Atasız böyüməsin balaları. Deyirdi ki, dul saxlayan deyiləm, ərə gedib, canı çıxsın, dolansın. Həsən müəllimin bir sözünü iki eləmirdi Yeganə. Kişinin “dul saxlamağın çətinliyi” haqda “moizələrini” çox dinləmişdi. Bilirdi ki, günü qara olsa belə, ər evinə ağ gəlinlikdə gedib ağ kəfəndə çıxmalıdı.

***

Ər qovdu. Ata burnundan vurub geri qaytardı. Əlacı kəsildi gəlinin. Boğazını kəndirə, ruhunu göylərə əmanət etdi günün birində... Başqa yol tapa bilmədi biçarə... Atasının öyüdü həyata keçdi: ağ gəlinlikdə getdi, ağ kəfəndə də qayıtdı Yeganə...

***

Son günlər gəlinlərin qara gün görməsi, evdən qaçması, intiharı haqda çox danışılır. Lap çox danışmaq, müzakirə eləmək lazımdı. Mövzu diqqətdə saxlanmalı, ictimailəşdirilməlidi. Bəlkə vicdanını itirmiş həmin ərlərin, qayınataların, qayınanaların insanlıq hissi az da olsa, oyandı...

Tez-tez görürəm Həsən müəllimi. Hər dəfə Yeganədən danışır. Dərdin ağırlığından beli bükülmüş, dünyası zülmətə dönmüş, gözlərinin işığı öləzimiş kişi, belə hadisələri eşidəndə axtarıb o gəlinlərin valideynlərini tapmaq istədiyini deyir. İstəyir desin ki, ay atalar, analar, övladınızın qədrini bilin. Vaxtında alın qanadınızın altına. Ona sahib çıxın. Oda-alova atmayın balanızı. Elə eləyin ki, sonra mənim kimi yanmayasız...

“Qafqazinfo”