“Qafqazinfo” xəbər verir ki, ilk dəfə Azərbaycana səfər edən qrup üzvləri millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayevanın müşayiəti ilə ilk öncə Fəxri Xiyabanı ziyarət ediblər. Qənirə Paşayevanın və AZEDER təşkilatı fəallarının müşayiəti ilə qonaqlar öncə Fəxri Xiyabanda Heydər Əliyevin və görkəmli oftolmoloq alim Zərifə Əliyevanın məzarını ziyarət ediblər. Heydər Əliyevin “bir millət –iki dövlət” kəlamını xatırladan Q.Paşayeva, onun həyatının Türk Dünyası üçün bir örnək olduğunu qeyd edib. Bundan sonra Azərbaycan xalqının Fəxri Xiyabanda uyuyan görkəmli ziyalıları, dövlət adamlarının məzarları ziyarət edib və ruhuna dualar oxunub. Sonra qonaqlar Şəhidlər Xiyabanını ziyarət ediblər.
Millət vəkili qonaqlara Ermənistanın işğalçılıq siyasəti, işğal etdiyi Azərbaycan torpaqlarında dinc insanlara qarşı törədilmiş vandalizm aktları, qətliamlar, soyqırımlar barədə geniş bilgi verib. Qonaqlar Şəhidlər Xiyabanında həmçinin şəhid jurnalistlər Milli Qəhrəmanlar, telejurnalist Çingiz Mustafayevin, Salatın Əsgərovanın və Alı Mustafayevin də məzarlarını ziyarət ediblər. Qonaqlar onlarla bağlı ətraflı bilgi verilib. Daha sonra “Kanal-D”nin populyar “Gənc baxış” proqramının 8 nəfərlik yaradıcı heyəti Bakı Türk Şəhidliyini ziyarət ediblər.
Qənirə Paşayeva XX yüzilliyin müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Demokratik Respublikasının məhz Azərbaycanda qurulduğunu, 1918-ci ildə erməni-daşnak qruplaşmalarının Bakıda və Azərbaycanın digər bölgələrində amansız qətliamlar törətdiklərini, Qafqaz Türk İslam Ordusunun Azərbaycanı, özəlliklə, Bakını erməni-daşnak işğalından azad etmək üçün qardaş köməyinə gəldiyini faktların dili ilə geniş şərh edib, Bakı Türk Şəhidliyinin bir qardaşlıq məzarlığı, and yeri olduğunu bildirib. Azərbaycanda tanışlıq səfəri çərçivəsində “Kanal-D”nin populyar “Gənc baxış” proqramının 8 nəfərlik yaradıcı heyəti Xətai rayonu ərazisində yerləşən, Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini və Dövlət İncəsənət Muzeyinin həyətində qoyulmuş “Güllələnmiş heykəlləri” də ziyarət ediblər. Sonra qonaqlar millət vəkili, Azərbaycan-Türkiyə Dostluq Qrupunun üzvü Qənirə Paşayevanın müşayiəti ilə paytaxtla yaxından tanışlıq səfərinə İçərişəhərdən başlayıblar. Onlar burada Şirvanşahlar Saray-Komleksini, Seyid Yəhya Bakuvinin türbəsini, Qız qalasını, Cümə Məscidini və bir sıra tarixi abidələri ziyarət edib ziyarət ediblər, onlara Bakının tarixi, Azərbaycan tarixi, mədəniyyəti, həqiqətləri ilə bağlı geniş məlumatlar verilib. Paytaxtla tanışlıq şəhərin böyük muzeylərini ziyarətlə davam edib. Qonaqlar həmçinin Atəşgahı, Yanardağı ziyarət edib, Bakı ilə daha geniş tanış olublar. Heydər Əliyev mərkəzini geniş ziyarət ediblər və yaxından tanış olublar.