“Gənc Həkimlər Birliyi”nin növbəti toplantısı keçirilib - Foto

genc-hekimler-birliyinin-novbeti-toplantisi-kecirilib
Oxunma sayı: 1390

İlk dəfə 2014-cü ildə Şəmkirdə təsis olunan “Gənc Həkimlər Birliyi” artıq beş ildən çoxdur ki, aztəminatlı ailələrin sağlamlıqlarının etibarlı şəkildə qorunması, xəstəliklərin erkən aşkar edilərək müalicəyə cəlb olunması məqsədilə humanist tədbirlər həyata keçirir. Birlik üzvləri rayon ictimaiyyəti arasında sağlamlığın gənc keşikçiləri kimi böyük rəğbət qazanıblar. Birlik üzvləri bütün rayon ərazisini gəzib, on minlərlə sakinin pulsuz tibbi müayinə və müalicəsini həyata keçirib, yüzlərlə insanı təmənnasız əməliyyat edib, tibb sahəsində müxtəlif tədbirlər və konfranslar keçiriblər.

“Qafqazinfo” xəbər verir ki, Şəmkir Gənclər Mərkəzində birlik üzvlərin növbəti toplantısı keçirilib. “Gənc Həkimlər Birliyi”nin üzvləri artıq yeni adla Şəmkir ictimaiyyətinə xidmət etməyə başlayacaqlarını bildiriblər. Eyni zamanda birliyin heyətində də dəyişikliklər edilib. “Gənc Həkimlər Birliyi” bundan sonra “Gənc Təbiblər Birliyi” olaraq fəaliyyət göstərəcək. Birliyin sədri Şəmkir Rayon Mərkəzi Xəsətxanasının cərahiyyə şöbəsinin baş həkimi Samir Namazov, sədr müavini isə Mərkəzi Xəstəxananın direktor müavini Elçin Əliyev seçilib.

“Gənc Təbiblər Birliyi” adı kimi heyətində də yeniliklər edilib. Belə ki, bundan sonra birliyin sıralarında ixtisaslı həkimlərlə yanaşı, kiçik və orta tibb işçiləri də sakinlərə xidmət göstərəcəklər.

Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov çıxış edib: “Milli səhiyyə sistemimiz sürətlə müasirləşir, bu sahəyə dövlət qayğısı ildən-ilə artırılır. Həkim olmaq böyük məsuliyyətdir. Çünki bu peşənin daşıyıcılarına hər birimiz üçün əziz olan sağlamlığımızı etibar edirik. Siz dəyərli həkimləri təbrik edir, şərəfli və məsuliyyətli işinizdə uğurlar arzulayıram”.

Tədbirin sonunda yenilənmiş “Gənc Təbiblər Birliyi” işlərini daha da səmərəli şəkildə qurması, müəyyən yeniliklərin gətirilməsi, onların fəaliyyətinin təkmilləşdirilməsi üçün əməli addımların atılması qarşıya prioritet kimi qoyulub.