“Gəncə Avropa Gənclər Paytaxtı 2016”nın açılış mərasimi oldu

gence-avropa-gencler-paytaxti-2016nin-acilis-merasimi-oldu
Oxunma sayı: 1258

Bu gün GəncəHeydər Əliyev Mərkəzində “Gəncə Avropa Gənclər Paytaxtı 2016”nın açılış mərasimi keçirilib. Avropa Gənclər Forumu, Avropa Gənclər Paytaxları Şəbəkəsi, Avropa Şurası Gənclər üzrə Məşvərət Şurası, Gənclərin Anlaşma və Mübadilə Təşkilatı, Nüfuzlu xarici milli şuralar, Xarici ölkələrin səfirlərinin də qatıldığı tədbirdə Prezident İlham Əliyevin "Gəncə Avropa Gənclər Paytaxtı 2016" münasibəti ilə gənclərə təbrik məktubu oxunub.

"Qafqazinfo" Kəpəz TV-yə istinadən xəbər verir ki, "Gəncə Avropa Gənclər Paytaxtı 2016"nın rəsmi açılış mərasi Heydər Əliyev Park-Kompleksində ulu öndərin abidəsini ziyarətlə başlayıb. Heydər Əliyevin adını daşıyan mərkəzdə keçirilən tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Əli Həsənov Prezident İlham Əliyevin gənclərə təbrik məktubunu oxuyub. Bu uğuru ölkədə aparılan düşünülmüş Gənclər Siyasətinin nəticəsi kimi qiymətləndirib. Azərbaycan Prezidenti Yanında Gənclər Fondunun, Gənclər və Qeyri-Hökumət təşkilatlarının Avropanın əksər qurumları ilə mövcud olan əlaqələri də bu qələbəyə təkan verib. Gənclər və İdman naziri Azad Rəhimov isə dünya əhalisinin 28 faizini gənclər təşkil etdiyinə, Avropada bu göstəricinin 21 faiz, Azərbaycanda - 29 faiz, Gəncədə isə 30 faiz təşkil etdiyini vurğulayıb. Bu da o deməkdir ki, bu nailiyyətdə Gəncə gənclərinin də əməyi böyükdür. Avropa Gənclər Forumunun idarə heyətinin üzvü Lora Lübonova, Avropa Gənclər paytaxtları şəbəkəsinin icraçı direktoru Andras Farkas çıxışlarında Avropanın Gənclər paytaxtı seçilməsinin Gəncəyə köhnə qitə ilə əlaqələri inkişaf etdirmək üçün daha böyük şans verəcəyinə diqqət çəkiblər. Bu, gənclər üçün də əlavə imkanlar yaradır. Bir il ərzində onlar avropalı həmyaşıdları ilə də sıx əlaqə yarada biləcəklər. Əskişəhər valisi Əzim Tunar Güngör çıxışında Gəncənin bu titula yiyələnməsinin ortaq mədəniyyət və işbirliyi baxımından əhəmiyyətinə diqqət çəkib.

"Gəncə Avropa Gənclər Paytaxtı 2016" nın rəsmi açılış mərasimindən sonra Gəncədə Gənclər Evi istifadəyə verilib. Heydər Əliyev Parkında inşa edilən dördmərtəbəli Gənclər Evində idman zalları, müxtəlif dərnəklərin fəaliyyət göstərməsi üçün otaqlar və konfrans zalı inşa edilib. Burada gənclərin asudə vaxtının səmərəli təşkili üçün hər cür şərait yaradılıb.