Gəncə Dövlət Filarmoniyası Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi, solist Mehparə Cəfərova “Gəncə və gəncəlilər” layihəsi çərçivəsində müsahibə verib.
“Qafqazinfo” həmin müsahibəni təqdim edir:
- Mehparə xanım, incəsənətə necə gəldiz?
- Bu heç təsadüfi olmayıb. Çünki atam da bu sahədədir. Dünyaya gözümü açandan musiqini çox sevirəm. Başda ailəm buna razı olmasa da, sonradan onlar da hiss etdilər ki, mən bu sənət üçün dünyaya gəlmişəm.
- Hazırda Gəncə Dövlət Filarmoniyasında fəaliyyət göstərirsiz. Bu mədəniyyət ocağının sizin yaradıcılığınızda nə kimi rolu var?
- Gəncə Dövlət Filarmoniyası nəinki mənim, bir çox musiqisevərlərin məktəbidir. Həmçinin filarmoniya bizlərin zirvəyə qalxmağımızda böyük rol oynayır. Gəncə şəhərində öz istedadımızı göstərə biləcəyimiz ikinci yer yoxdur. Məhz buna görə də filarmoniya hamımız üçün çox dəyərli və doğmadır.
- İşinizdə “yoruldum” dediyiniz an varmı?
- Heç vaxt. Birmənalı şəkildə bunu deyə bilərəm. Həyatımda nələrdənsə yorula bilərəm. Amma səhnədən, musiqidən heç vaxt. Dünyaya yenə gəlsəm yenə bu sənəti seçərdim. Hətta musiqini sevdiyimə və rəğbət bəslədiyimə görə hər iki övladımı bu sənətə gətirdim.
- Hansı musiqi ilə tanınmısız?
- Ümumiyyətlə, mənim tanınmağıma, efirlərə çıxmağıma dəstək olan Fikrət müəllim oldu. O gəldi mənə yaxınlaşdı və dedi: “Səsin çox gözəldir. Mən sənə kömək edəcəm.” və dediyi kimi də etdi. Ondan sonra mənim bütün ifalarım tanınmağa başladı.
- Mehparə xanım, son olaraq gənc nəslə hansı tövsiyələri ünvanlamaq istəyirsiz?
- Əzmlə çalışsınlar. Məqsədlərinin arxasınca getsinlər ki, arzularını da reallaşdıra bilsinlər.