Gəncədə Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsili Mərkəzinin açılış mərasimi keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə çıxış edən şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev 15 iyun "Milli Qurtuluş Günü" və açılış münasibəti ilə mərkəzin kollektivini təbrik edib, onlara peşə tədrisi sahəsində müvəffəqiyyətlər arzulayaraq, öz tapşırıq və tövsiyyələrini verib.
İcra başçısı ölkə başçısı İlham Əliyevə Gəncəyə göstərdiyi diqqət və qayğıya görə xüsusi minnətdarlığını bildirərək, xatırladıb ki, əvvəllər Gəncədə mövcud olan 3 peşə məktəbi və 3 peşə liseyi hazırda iki baza əsasında birləşib. Onlardan biri Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsili Mərkəzi, digəri isə Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsili Mərkəzinə çevrilib. Məqsəd isə bu günün tələbinə uyğun mütəxəssislərin hazırlanmasıdır. Şəhər rəhbəri qeyd edib ki, yaxın zamanlarda daha bir peşə məktəbinin açılışı olacaq. Bununla da şəhərdə olan bütün peşə məktəbləri və liseylərin maddi texniki bazasının möhkəmlənməsi istiqamətində lazımi tapşırıqlar yerinə yetirilmiş olacaq.
Çıxışlardan sonra icra başçısı Elmar Vəliyev və digər qonaqlar binada şagirdlər üçün yaradılan şəraitlə, sinif otaqları, laboratoriyalar, zal, kitabxana və yataqxana ilə tanış olublar.



Son xəbərlər
Son Xəbərlər