Gəncə ilə Kutaisi arasında memorandum imzalanıb

gence-ile-kutaisi-arasinda-memorandum-imzalanib
Oxunma sayı: 745

Gəncə ilə Kutaisi arasındakı əməkdaşlığa yeni nəfəs verilib. "Qafqazinfo"ya daxil olan məlumata görə, qardaşlaşan iki şəhər arasında əlaqələrin yeni müstəviyə qaldırılması Gəncədən olan nümayəndə heyətinin Gürcüstanda keçirdiyi görüşlərin əsasını təşkil edib.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyətinə Milli Məclisinin deputatı Naqif Həmzəyev, Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsinin rəhbəri Fuad Əliyev və Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov daxil olub. Kutaisidə şəhər meri Şota Murquliani və İmereti regionunun qubernatoru Givi Çiçinadze ilə görüşdə yüksələn xətlə inkişaf edən Azərbaycan-Gürcüstan münasibətlərinin şəhərlər arasında əməkdaşlıq üçün yaxşı zəmin yaratdığına diqqət çəkilib. Siyasi münasibətlərin müsbət dinamikası və ölkə başçıları arasında sıx təmas öz növbəsində iki xalq arasındakı münasibətlərə töhfə verir.

Elmar Vəliyev bildirib ki, səfərin iqtisadi, elmi, mədəni əlaqələrin inkişafına təkan verəcəyi şübhəsizdir. 

Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseynov, Azərbaycanın Batumidəki Baş konsulu Rəşad İsmayılov, Gürcüstanın Gəncədəki baş konsulu Mamuka Balavadzenin də qatıldığı görüşün yekunu olaraq niyyət memorandumu imzalanıb.