Bir il əvvəl Bakıda ilk dəfə teatr tamaşasına gedəcəkdim. Bir həftə əvvəldən bilet almaq üçün kassaya yaxınlaşmış, amma hansı tamaşaya gedəcəyimə hələ də qərar verə bilməmişdim. Kassir mənə "sonra da ala bilərsiz" deyəndə, biletlərin satılıb qurtarmasından narahat olduğumu bildirdim. Kassirin üzündə belə bir ifadə yaranmışdı: "Bilet niyə qurtarsın ki?"
Bir neçə tamaşaya getdikdən sonra anladım ki, Azərbaycanda teatr zalları heç vaxt dolmur. Hec vaxt biletlər satılıb qurtarmır. Heç kim biletlər satışa çıxdığı gün kassalara cummur. Bakıda teatr biletlərinin qara bazarı yoxdur. Hətta təxmini 20-25 nəfərlik zalı olan Pantomim teatrı həmişə dolu olmur. Kimisi deyir, bu tamaşaçı problemidir, kimisi isə əksini iddia edir.
Mənim isə bir dərdim var. Pis vəya yaxşı imkan verin tamaşamıza baxaq. Tamaşaya gəlirsinizsə, danışmayın,tum çırtlayırsınız, cəhənnəm, çırtlayın, heç olmasa qabığını yerə tökməyin (bəli, gözümlə görmüşəm), telefonlarınıza zəng gələndə götürün, bir şey demirəm, illərdir gözlədiyiniz “vacib”zəng iki saatlıq tamaşa vaxtı gələ bilər, amma astadan danışın. Bir də ki, bu dəvətnamələri kim verirsə, xahiş edirəm, bir yoxlasın o yer satılıb ya yox.
Nəysə...
Bir neçə gün əvvəl şəhərin mərkəzində avaralanırdım. Çəmənzəminlinin “Qızlar Bulağı”nı təzəcə oxuyub bitirmişdim, içimdə qəribə “aclıq” yaranmışdı. Evə də getmək istəmirdim. Cibimdən telefonu çıxardıb saata baxdım. Saatın 7yə yaxınlaşması mənə bir şeyi xatırlatdı. Teatrda tamaşalar adətən bu vaxt başlayır. Deməli, Akademik Milli Dram Teatrda vəya Gənc Tamaşaçılar Teatrında tamaşa varsa, birazdan başlayacaqdı. Bir anlıq düşünüb “Azdrama”ya yollandım. Kassaya yaxınlaşıb bugünün repertuarını soruşdum...
...”Gəncə Qapıları” tamaşasının afişasını dəfələrlə görsəm də, maraqlı gəlməmişdi. Yaxınlaşıb divardakı afişaya bir daha baxdım. Aktyorların adını oxumağa başladım. Gözümə bir ad sataşdı. Aktrisanın adını öz özümə təkrarlayaraq, niyə bu adın məndə xoş təəssürat oyatdığını xatırlamağa çalışırdım. Tamaşaya olan marağım artmışdı. Birdən birə başımın üstündə bir lampa yanmağa başladı. Lampanın içində bir qadın əlini dərisi soyulmaqda olan bir qoyunun- dərisi soyulmuş hissəsinə- ətinə sürtürdü... Xəyallarımdan ayrıldım. Cibimdən pul çıxardıb bileti aldım.
Zalın yarısı boş idi, ya da əksinə zalın yarısı dolu idi. İkinci sıranın ortalarında əyləşdim. Tamaşa başladı. Yenə həmişə kimi kiminsə uşağı o yana bu yana qaçırdı. Bəziləri fotoaparatı əlində hazır gözləyirdi. Tamaşanın ilk 10 dəqiqəsi keçməmişdi ki, yadıma biletə verdiyim 10 manat düşdü...
...Artıq yarım saat sonra Azərbaycan Dram Teatrının önündə durub siqaret çəkirdim. Beynimin içindən səslər eşidirdim “İlahi Məxluq, İlahi Məxluq”. Vəfa Zeynalovanın cazibəsinə aldanmışdım.
İndiyə qədər heç bir tamaşadan bu qədər peşman ayrılmamışdım. Möhtəşəm olmaya bilər, babat ola bilər, pis ola bilər. Amma bu tamaşaya heç bir ad qoya bilmədim. Sanki bütün zal və aktyorlar əslində məni ələ salmaq üçün, planlı şəkildə bu zalda yığışmışdılar və məni inandırmağa çalışırdılar ki, bu tamaşa 10 yaşlı uşaqlar üçün nəzərdə tutulmayıb. “Dolma bizimdir “ səviyyəsində milliyyətçi dialoqlar, qabarıq erməni obrazı, gülünc dialoqlar. Misal üçün gürcü knyazları öz aralarında Gəncə Qapıları haqqında söhbət edərkən, təxminən belə cümlələr qururlar : “Cavad Xan, gəncə qapılarını istəyir. Hansı ki, Şəddadi hökmdarı Əbüləsvar Şavurun göstərişi ilə 1063- cü ildə Usta İbrahim Osmanoğlu tərəfindən hazırlanmış və biz 1139-cu ildə qəhrəmancasına döyüşərək o qapıları qənimət kimi götürmüşük .”O biri knyaz isə deyir : “ Düzdür, düzdür, baxmayaraq ki, onda Gəncədə zəlzələ baş vermiş və şəhər yerlə yeksan olmuşdu, biz qəhrəmancasına döyüşdük “. Obrazın özünüifşasının ən bəsit və ucuz yolu...
Erməni rolunu hamımızın tv-dən tanıdığı bir aktyor oynayırdu. Tamaşanın başından aktyorların qabarıq yaxşı, qabarıq yaltaq, qabarıq igid obrazlarını gördükdə erməni rolunu kimin oynadığını anlamaq o qədər də çətin olmadı. Uzun çənəli, donqa belli bir adam o yana bu yana gəzirdi. Atası buna bir kitab buraxmışdı. Bir yandan kitabda yazılanları oxuyarkən,sağolsun, bir yandan da öz fikirlərini deməyi bizdən əsirgəmirdi. Kitabı oxuyarkən sifətində elə bir ifadə var idi ki, Mançesterli dostum Kris bu adamı görsəydi deyərdi : “Hey man, he is a f.cking liar . I think he is Armenian”. İş orasındadır ki, hər şey ortada olmağına baxmayaraq belə cümlələr işlədirdi “Ermənistanın böyük tarixi olmuşdur. Biz əvvəlki Böyük Ermənistanı geri qaytarmalı və Türkləri bu torpaqlardan çıxartmalıyıq”. Bunları kitabdan oxuduqdan sonra isə erməniyə daha çox oxşamaq üçün ağzını gözünü əyərək “Hi hi hi, Ermənistan ? Böyük Ermənistan ? Xa xa xa, bizim heç dövlətimiz olub ki? Yəqin olub, olub”.
Aktyorlara sözüm yoxdur. Onlar tamaşanı nə qədər mükəmməl ifa etsələrdi belə xeyri olmayacaqdı. “Gəncə Qapıları” pyesini yazan Hüseynbala Mirələmova, tamaşanı səhnələşdirən Əməkdar incəsənət xadimi Bəhram Osmanova da sözüm yoxdur. Onsuz da, nə isə demək mənasızdır. Ancaq Azərbaycan teatr sənətinin beşiyi salan sənət məbədinə bunu yaraşdırmadım. Tamaşanı ərsəyə gətirənlər, yəqin ki, vətənpərvər insanların hisslərini nəzərə alaraq, illərdir toxunulmamış mövzu olan Gəncə qapılarının arxasına “gizlənməyi” fikirləşiblər. Ancaq, heç alınmayıb...