20 Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar Gəncə şəhəri Şəhidlər Xiyabanında ümumşəhər toplantısı keçirilib.
“Qafqazinfo” xəbər verir ki, öncə 20 Yanvar faciəsi qurbanlarının, Azərbaycanın suverenliyi uğrunda həlak olan həmvətənlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Şəhidlərin xatirəsi yad olunduqdan sonra avtomobillər, yanğınsöndürən maşınlar vasitəsi ilə saat 12:00-da səs siqnalları verilib.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev tərəfindən Şəhidlər Memorial Kompleksi Abidəsi önünə əklil qoyulub. Sonra hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Qazaxlar məscidinin axundu Hacı Rahil tərəfindən şəhidlərin ruhuna dualar oxunub.
Sonra Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Elmar Vəliyev çıxış edərək 26 il bundan öncə törədilən “20 Yanvar” hadisəsini təkcə hüzn günü kimi yox, eyni zamanda qürur və qəhrəmanlıq günü kimi dəyərləndirib.
Elmar Vəliyev qeyd edib ki, “20 Yanvar” hadisələri xalqımızın milli mənliyinə, milli azadlıq ruhuna qarşı təcavüz idi: "Lakin Azərbaycan xalqı öz qürurunu itirmədi, onun iradəsi qırılmadı".
Qafqaz Müsəlmanları İdarəsinin Gəncə bölgəsi üzrə səlahiyyətli nümayəndəsi axund Hacı Tahir Abbasov çıxışında şəhidlərə Allahdan rəhmət diləyib, dualar oxuyub.
Çıxışlardan sonra Gəncə Dövlət Dram Teatrının aktyorları tərəfindən ədəbi-bədii kompozisiya təqdim olunub.
Şəhər rəhbərliyi və ictimaiyyət nümayəndələri tərəfindən şəhid məzarları ziyarət olunub, gül dəstələri qoyulub.
Son xəbərlər
Son Xəbərlər