Gəncədə dəyirmi masa keçirilib - Fotolar

gencede-deyirmi-masa-kecirilib
Oxunma sayı: 1384

Gəncədə “31 mart - Azərbaycanlıların Soyqırımı Günü xalqımızın qan yaddaşıdır” mövzusunda dəyirmi masa keçirilib.

"Qafqazinfo"ya daxil olan məlumata görə, şəhər ziyalılarının iştirakı ilə keçirilən tədbirdə ermənilər tərəfindən müxtəlif dövrlərdə soyqırıma məruz qalmış azərbaycanlıların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev azərbaycanlılara qarşı XIX əsrin əvvəllərindən başlayan və bu gün də davam etdirilən soyqırımı dəhşətlərini tutarlı faktlarla dəyirmi masa iştirakçılarının diqqətinə çatdırıb.

Elnur Rzayev çıxışında qeyd edib ki, bu məkrli siyasət nəticəsində 1905-1907, 1918-1920, 1948-1953 və 1988-1993-cü illərdə erməni millətçiləri Azərbaycan torpaqlarında xalqımıza qarşı kütləvi qırğınlar törədərək yaşayış məntəqələrini, tarixi və mədəniyyət abidələrini, məscidləri, məktəbləri, səhiyyə ocaqlarını dağıdıblar. Xüsusilə 1918-ci ilin martında erməni daşnakları Bakıda, Gəncədə, Şamaxıda, Qubada və ölkənin digər guşələrində misli görünməmiş qanlı qırğınlar törədiblər.

1918-ci il martın 30-u gecə saatlarında Bakıda başlanan kütləvi qırğınlar 20 minə yaxın günahsız insanın, o cümlədən çoxlu sayda qoca, qadın və uşağın qətli ilə nəticələnib. Martın 30-dan aprelin 2-dək davam edən kütləvi qırğınlarda Stepan Şaumyanın rəhbərlik etdiyi erməni bolşevik dəstələri Bakıda minlərlə insanı qətlə yetirib, müsəlman ziyarətgahlarını yandırıb, Bakı əhalisinin 400 milyon manatlıq əmlakını müsadirə edib. Kütləvi qırğınlar zamanı şəhərin ən möhtəşəm məscidi sayılan Təzəpir məscidi aramsız top atəşinə tutulub, ermənilər Bakının ən möhtəşəm memarlıq incilərindən olan “İsmailiyyə” binasını yandırıblar.

Ötən əsrin 80-ci illərində SSRİ-nin rəhbər dairələrinin təhriki və yardımı ilə 200 minə yaxın azərbaycanlı Ermənistandan amansızcasına qovulmuşdur. Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayon erməni hərbi birləşmələri tərəfindən işğal olunmuşdur.

Dəyirmi masada Gəncə Dövlət Universitetinin “Ümumi tarix” kafedrasının baş müəllimi Nərgiz Rəsulova “XX əsrin əvvəllərində Azərbaycanda soyqırım hadisələrinin coğrafiyası, miqyası və xronologiyası, Azərbaycan Texnologiya Universitetinin “Fəlsəfə və tarix” kafedrasının baş müəllimi Şahmar Həsənov “Azərbaycanlılara qarşı soyqırım hadisələrinin tarixi siyasi kökləri”, Azərbaycan Dövlət Aqrar Universitetinin “İctimai elmlər və multikulturalizm” kafedrasının müəllimi Elgün Aslanov “31 mart Azərbaycanlıların qan yaddaşıdır” mövzularında məruzələrlə çıxış ediblər.